Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Qarabağın işğaldan azad olunması və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edildi. Növbəti digər mühüm məsələ isə öz növbəsində türk dövlətlərini vahid çətir altında birləşdirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adını dəyişərək “Türk Dövlətləri Təşkilatı” adlanması qurumun funksiyasının genişlənməsinə, daha sistemli və dinamik işin aparılmasına fokuslanmış bir addımdır. Bu gün türk dövlətləri öz qüdrətli dövrlərini yaşayır. Məhz belə bir tarixi şəraitdə üzvlərin bir-biri ilə sıx əlaqələr qurması, yaradılmış əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasındakı tarixi dostluq, qardaşlıq prinsiplərinin daha da möhkəmlənməsi həm dövlətlərimizin, həm də regionun maraqlarına geniş şəkildə xidmət edir.
RUBİN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.
O bildirib ki, hazırda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sayı 7-yə çatıb. Bu da o deməkdir ki, təşkilata böyük maraq var, aparılan sistemli və dinamik iş, əldə edilmiş uğurlar eyni etnik kimliyə məxsus olan xalqların vahid təşkilat ətrafında birləşməsi prosesini olduqca sürətləndirir. Xüsusilə vurğulamaq lazımdır ki, bu təşkilatda təmsil olunan dövlətlərin regionda və dünyada söz sahibi olması təşkilatın sıralarının genişlənməsi ilə şərtləndi. Bir mühüm məqam da ondan ibarətdir ki, Türkmənistan artıq təşkilata müşahidəçi qismində qoşulub, daha əvvəl isə ölkəmizdə təşkil edilmiş Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv olub. Bu gün təşkilatın üzvlərinin sayı 7-dir. Halbuki, 2009-cu ildə Naxçıvan Sazişini dörd ölkə imzalamışdı. Deməli, təşkilatın sıraları genişlənir və üzv olmaq istəyən ölkələrin sayı artır.
“Təkcə bir məqamı qeyd etmək yerinə düşər ki, təşkilatın fəal üzvlərindən biri olan Azərbaycanın Vətən müharibəsi zamanı 44 gün ərzində 30 il düşmən işğalı altında qalmış əzəli və əbədi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin gücünün, qüdrətinin əyani təcəssümü idi. Xüsusi vurğulamaq lazımdır ki, bu illər ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilərkən dərhal icra olunması nəzərdə tutulmuş qətnamələrin yerinə yetirilmədi, humanitar hüququn tələblərini kobud şəkildə pozan Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmədi. Düşmənin bu cür məsuliyyətsiz davranışının qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu tərəfindən alındı və döyüş meydanında düşmənə sarsıdıcı zərbə vuruldu. Qazandığımız tarixi Zəfər təkcə ölkəmizin deyil, eləcə də türk dünyasının, Azərbaycanı sevənlərin qələbəsi idi”, – deyə Milli Məclis sədrinin müavini vurğulayıb.
A.Əliyevin sözlərinə görə, təşkilata daxil olan və dünyada çox böyük nüfuza malik qardaş Türkiyənin Vətən müharibəsi başladığı ilk gündən ölkəmizə göstərdiyi mənəvi yardım, eləcə də diplomatik müstəvidə nümayiş etdirdiyi siyasi dəstək hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılandı. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” deməsi ölkəmizə əlavə güc verdi. Eləcə də tarixi torpaqlarımız düşmən işğalından azad edildikdən sonra ərazilərimizin bərpasında ən çox dəstək verən ölkə də qardaş Türkiyədir. Bu baxımdan, regionda söz sahibi olan dövlətlərin bir çətir altında toplanması gücümüzə əlavə güc qatacaq.