Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki ağacın avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.
RUBİN.AZ-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hündürlüyü təqribən 20 metr olan şam ağacı güclü küləyin təsirindən aşaraq yolun kənarında dayanan “Mercedes” markalı minik avtomobilinin üzərinə düşüb və küçədə nəqliyyatın hərəkətində məhdudiyyətin yaranmasına səbəb olub.
Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə aşmış ağacın ərazidən kənarlaşdırılması və küçədə nəqliyyatın hərəkətinin bərpasını təmin ediblər.