Prezident İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
RUBİN.AZ sərəncamın mətnini təqdim edir:
1. Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon (altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 15) 2.2-ci bəndində “3 (üç)” sözləri “5 (beş)” sözləri ilə əvəz edilsin.