Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant C.Abdullayev çıxış edərək Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini çatdırıb, hazırkı mərasimin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütövlüyümüzün bərpa edildiyi 44 günlük Vətən müharibəsinin 1-ci ildönümü dövrünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıb.
Milli tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazandığı, torpaqlarımızın işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri, qalibiyyət dastanı yazdıqları qeyd olunub.
Çıxışda Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qabil müasir dünyagörüşlü kadrların yetişdirilməsində, fərdi xüsusiyyətlərini, maraq və potensial imkanlarını nəzərə almaqla hər bir kursantın Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu vurğulanıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq fəaliyyətə başladığı dövrdən qısa müddət ərzində məktəbin ölkəmizdə böyük nüfuz qazandığı, tədris müəssisəsinin açılış mərasimində, eləcə də 2018-ci ildə ikinci korpusun istifadəyə verilməsi tədbirində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsinin ölkə rəhbərliyinin sərhəd mühafizəsi məsələlərinə növbəti ali qayğısının və diqqətinin təzahürü olduğu vurğulanıb.
Məktəbdə təhsil alan kursantların tədris, istirahət və təminat məsələlərinin daima diqqət mərkəzində saxlanıldığı, yeni korpusunun istifadəyə verilməsinin onların istirahəti, asudə vaxtının daha da faydalı keçirilməsi, fiziki, intellektual və yaradıcı məşğuliyyətləri üçün geniş imkanlar yaradacağı bildirilib.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev çıxış edərək məktəbin yeni korpusunun istifadəyə verilməsi, eləcə də tədris ilinin başlaması münasibətilə kursantları təbrik edib, onlara dərslərində müvəffəqqiyyətlər arzulayıb.
Açılış mərasimindən sonra iştirakçılar yeni korpusda yaradılmış şəraitlə tanış olublar. 5 mərtəbəli binada 600 nəfərlik yataqxana, müasir avadanlıqlarla təchiz edilmiş idman zalı, inzibati, xidməti və növbətçi otaqlar, şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün istirahət otaqları mövcuddur. Kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanılması üçün videomüşahidə sistemi tətbiq edilmiş, korpusun ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıq salınıb, ağaclar əkilmiş, sıra meydanı yaradılıb. Tədbir iştirakçıları Xüsusi Məktəbin tədris korpusunda da mövcud imkanlarla, o cümlədən sinif otaqları, yeməkxana, idman zalı, futbol meydançası və su hovuzuna baxış keçiriblər.
Tədbirin sonunda Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çəkdirilib.