Gənclər və idman naziri Fərid Qayıbov Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış olub.
RUBİN.az Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, F.Qayıbov şahmatçılarla görüşərək onların hazırlığı ilə maraqlanıb, akademiyanın yetirmələrinin qazandıqları nailiyyətlərin nümayiş etdirildiyi şahmat muzeyinə baxıb.
Daha sonra nazir tanınmış şahmatçının ailə üzvləri ilə görüşüb. Akademiyanın yaranması, fəaliyyəti, gələcək planları və uğurları barədə mərhum qrossmeysterin atası Qasım Həşimov tərəfindən ətraflı məlumat verilib, çətinliklər barədə fikir mübadiləsi aparılıb.
Sonda nazir Fərid Qayıbov Şimali Makedoniyada keçiriləcək şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın yeganə təmsilçisi – Vüqar Həşimov Şahmat Akademiyasının komandasına bu uğurlar arzulayıb. Nazir akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Vüqar Həşimov Şahmat Akademiyası ölkəmizdə Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən qeydiyyata alınmış ilk şahmat akademiyasıdır.