Əks-göstəriş sertifikatı almaq istəyənlər vətəndaşlar necə müraciət etməlidirlər?
RUBİN.az Nazirliyin saytına istinadən bildirir ki, 19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova bildirdi ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər. Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa) həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir.
Allergiyalarla bağlı müraciət hansı halda olunmalıdır?
Allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilirlər. Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər ki, vaksinin birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunur ki, şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı.
Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur.
Həkim-nəzarət komissiyası tərəfindən təsdiqlənərək göndərilən sənədlər Xüsusi komissiyada hansı qaydalarda dəyərləndirilir. Bu sualları Xüsusi komissiyanın üzvü Sevinc Məmmədova cavablandırıb.
– Əks göstərişlərlə bağlı ən çox hansı müraciətlər olur?
– Bugün peyvəndi vurdurmağa qarşı əks göstərişlərə görə poliklinikalara ən çox müraciətlər immun xəstəliklər, allergik və onkoloji xəstəliklər, hamiləlik, südvermə və epilepsiya xəstəliyinə görədir.
– Əks göstərişlərə hansı hallarda neqativ cavab gəlir?
– Neqativ cavablar 3 cür olur. Birincisi, komissiya təqdim olunan diaqnoza görə sənədləri yoxlayır. Əgər idarəolunmayan epilepsiyadırsa və xəstənin dərman içməsinə baxmayaraq qıcolma tutmaları olursa, bu halda diaqnozu elektroensefaloqramma əsasında yalnız nevropatoloq qoya bilər. Amma əgər kimdəsə qıcolma tutmaları olmur, yəni xəstəliyin remissiya dövründədir, onda əlbəttə ki o insanlara, bütün dünyada olduğu kimi, bizdə də “Sinovac” vaksinini vurmaq olar.
İkinci neqativ cavabımız mütəxəssis rəyi olmadığı zaman verilir. Məsələn, xəstələr müayinə və müalicə ilə bağlı terapevt tərəfindən yazılan arayış təqdim edirlər. Amma bizə onkoloji və allergik xəstəliklər zamanı allerqoloqun, onkoloqun və s. mütəxəssislərin rəyi lazımdır. Müraciət zamanı onkoloji xəstədir və hal-hazırda vəziyyəti stabildir, yəni onun heç bir limfa düyünlərinə və digər orqanlara metastazı yoxdur. Bu insanlar üçün o arayış əks göstəriş deyil. Amma elə xəstələr var ki, onlar kimyaterapiya alırlar. Peyvənd istehsalatçının instruksiyasında yazılıb ki, onkoloji xəstəliyə görə immunsupresiv (zəiflədici) kimyaterapiya alan insanlar zəiflədici kimyaterapiyanı 2-4 həftəlik müddətə saxlasınlar. Onlar bu müddət ərzində peyvəndləməlidir və sonra immunsupresiv kimyaterapiyasını davam etməlidir. Bu zaman onlara müvəqqəti əks göstəriş verilir, yəni sənəddə qeyd olunur ki, immunsupresiv kimyaterapiyası bitəndən sonra artıq o, peyvəndi vura bilər.
Üçüncü neqativ cavabımız o hallarda olur ki, qadın hamilədir, amma bunu təsdiq edən heç bir sənəd yoxdur. Yəni, qadın sadəcə olaraq özəl klinikalarda ultrasəs müayinəsindən (USM) keçib. Hamiləliklə bağlı sənədlər tam olmadığından bu halda bizim cavabımız neqativ olur və xanımlardan təsdiqedici digər sənədlər tələb olunur.
– Bəzi vətəndaşlar cavabların gecikdiyini bildirirlər. Bunun səbəbi nədir?
Əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur. Qeyd edim ki, Bakı şəhərində iki komissiya fəaliyyət göstərir və hər komissiya həftədə 3 gün sənədləri qəbul edir. Bu komissiyaların hərəsinə təxminən 20-30 müəssisə təqdim edir. Sənədlər hər dəfə təqdim olunanda protokolda 70-90 insanın müraciəti olur. Məsələn, dünən sənədlərin qəbul günü idi və saat 12:00-dan 15:00-dək biz 6 müəssisədən 18 protokol qəbul etdik. Bu protokollarda 473 insanın sənədi var idi. Bu gün 15:00-dan 19:00-dək komissiya bu 473 insanın sənədini baxaraq, araşdırıb və uyğun olub-olmaması barədə qərar verəcək. Vətəndaşların narazılığını anlayırıq, lakin göndərilən müraciətlərin komisiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır.