Rəssam Leyla Əliyeva…
Rəssam Leyla Əhməd qızı Əliyeva 1963-cü ilin iyun ayının 21-də Bakı şəhərində anadan olmuşdur. 1970-ci ilin sentyabr ayının 1-də, Bakı şəhəri, Nəriman Nərimanov rayonu 39 saylı orta məktəbin 1-ci sinifinə getmişdi. 1979-cu ildə, 9-cu sinifi bitirdikdən sonra, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq texnikumuna daxil olur. 1983-cü ildə orta ixtisas təhsilini başa vurduqdan sonra, Azərbaycan Dövlət Mühəndis İnşaat İnstitutunun “Memarlıq və Dizayn” fakültəsinə daxil olur. 1989-cu ildə həmin institutun məzunu olur.
1983-cü ildən bu günə qədər rəssamlıq üzrə müəllimlik fəaliyyətiylə məşğul olur və biri-birindən istedadlı və bacarıqlı tələbələr yetişdirməklə fəaliyyət yolunu davam edir. 1983-cü ildə, Y. Qaqarin adına Pionerlər və Məktəblilər Sarayında rəngkarlıq bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hal-hazırda Çingiz Mustafayev adına 5 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində müəllimə işləyir. Leyla xanım, rəssamlığa 5 yaşında başlayıb. Ölkənin böyük təcrübəli peşəkar sənətkarlar yanında təhsil alıb. Hal-hazırda peşəkar rəssam kimi yaradıcılığını davam edən Leyla xanım, qarşısına qoyduğu məqsəd – peşəkarlığının yüksək zirvəsinə ucalmaqdır. Leyla xanım, impressionizm stilində yaradıcılığını davam edir. O qeyd edir ki, hər rəssamın öz rənglər dünyası olduğu kimi, mənim də öz rənglər dünyam mövcuddur. Dünyada 7 əsas rəng var. Riyaziyyat rəqəmlərinin sayı sonsuz olduğu kimi, dünyada sayı bəlli olmayan rəng çalarlarının alınması üçün, həmin bu 7 rəngin olması birinci növbəlidir. 7 əsas rəngin hər biri mənim həyatım və nəfəsimdir. Çünki, tablolarım üzərində təsvir elədiyim dolğun rəng çalarları, palitrada həmin bu 7 əsas rənglərin olmasından asılıdır. Azərbaycanda, Rusiyada, Gürcüstanda, habelə Avropa ölkələrində (Fransa, İtaliya, Polşa, Almaniya) keçirilən sərgilərdə müvəffəqiyyətlə iştirak edib böyük uğurlar qazanmışdır. Həmçinin çoxlu sayda biri-birindən istedadlı və bacarıqlı tələbələr yetirdişən Leyla xanımın bir çox tələbələrinin, ölkədaxilində habelə xarici ölkələrdə keçirilən sərgilərdə əsərləri sərgilənmişdir. Tələbələr, Belarusiya və İtaliya kimi ölkələrdə müvəffəqiyyətlə iştirak etməklə uğurlar qazanmışdır. Hal-hazırda, tələbələrin digər ölkələrdə keçiriləcək sərgilərdə iştirak etmələri planlaşdırılır.
Leyla xanım, hətta yoxsul və imkansız tələbələrə pulsuz məşğələlər keçmişdir və hal-hazırda yoxsul və imkansız tələbələr üçün pulsuz məşğələlər keçmək üçün, kurslar təşkil etməyi planlaşdırır.
Leyla xanımın Fərid Zeynalov adlı bir oğlu var. O, həvəskar rəssamdır. Hal-hazırda anasının yolunu davam edir. Onun təhsili iqtisadiyyat üzrədir. Rəngkarlıq üzrə yaradıcılığını davam edir.
Leyla xanımın gələcək üzrə planları, daha çox möhtəşəm sərgilərdə iştirak etmək, biri-birindən fərqli maraqlı mövzulara aid rəsm əsərləri çəkmək, çoxlu sayda istedadlı və bacarıqlı tələbələr yetişdirmək və tələbələrinin rəsm əsərlərini möhtəşəm sərgilərdə sərgiləməkdir.