Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Bir binanın təməli necə möhkəm olmalıdırsa, ailənin təməli də elə möhkəm və güclü olmalıdır. Ailəni biz həyatımızın bir parçası da hesab edə bilərik. Ailənin əsasında ən başlıca rol oynayan insanlar valideynlərdi. Yəni ana və ata.
Uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur. Lakin uşağa diqqət və qayğı onları məsuliyyət və vəzifələrini unutduracaq qədər olmamalıdır. Hər şey qədərində olmalıdır. Həmçinin uşağı yalnız gözəl yedizdirmək, geyindirməklə də valideyn öz borcunu ödəmiş hesab olunmur. Hər bir valideynin əsas vəzifəsi övladının sağlamlığını qorumaqla yanaşı, təlim tərbiyəsi ilə də məşğul olmaq, onları təkcə ailəsi üçün deyil cəmiyyət üçün də layiqli böyütməkdir. Dünyaya gələn hər bir uşaq həm də cəmiyyət üçün faydalı böyüdülməlidir. Yoxsa gec-tez həm ətrafdakı insanlar, həm ailə, həm də ailənin illərdə harınladaraq böyütdüyü övladı əziyyət çəkəcək.
Son zamanlar baş verən hadisələr bir daha əsas verir ki, maarifləndirici tədbirlərlə yanaşı cəza tədbirləri də gücləndirilməlidir. Başqalarına işgəncə verməkdən həzz alanlar cəmiyyət üçün olduqca təhlükəlidir və onlar qanun qarşısında cavab verməlidir. Əksər hallarda düzgün həyat sürməyən, pis vərdişlərə yiyələnən, harınlamış və qəddar valideynləri olan uşaqlar bu cür xüsusiyyətlərə sahib olurlar. Onlar ailədə gördüyünü götürür və bunun normal hal olduğunu zənn edir.
Bəzən də şahidi oluruq ki çox gözəl, ziyalı, ailəcanlı valideynlərin nankor, pis vərdişlərə yiyələnən övladları bir ailəni məhvə sürükləyir. Təbii ki bu hallarda” uşaq evdə gördüyünü götürür”- demək düzgün olmaz, bu halda ətraf mühitin təsiri, ailənin diqqətsizliyi, az zaman ayırması və s səbəblər də ola bilər. İstənilən halda valideyn cavabdehdir.
Hər bir uşaq ilk növbədə ailədə tərbiyə alır, daha sonra məktəbdə. Əgər müəllim uşağın səhvini valideynə deyirsə və valideyn bunu müəllimə irad bildirirsə, uşağının pis əməllərini ört -basdır edirsə, o uşaq nəinki özü və ailəsi həm də cəmiyyət üçün yararsız və təhlükəli olacaq. Hansı peşədə çalışmasından asılı olmayaraq hər bir valideyn övladının təlim -tərbiyəsinə vaxt ayırmalıdır. Ən azından axşamlar yemək saatında, ya da yeməkdən sonra ailə olaraq söhbət etməli, bir -biri ilə ünsiyyətdə olmağı bacarmalı, heç olmasa bir neçə saat sosial şəbəkədən uzaqlaşıb ailəsi olduğunu xatırlamalıdır. Ailə dəyərləri qorunmalıdır, məktəb və müəllimə hörmət edilməlidir, valideynlər dünyaya gətirdiyi övladına sahib çıxmalıdır.
Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin birgə fəaliyyətinin xüsusi rolu var. İllərdir yüzlərlə istedadlı məktəbli və gənclərlə işləyən biri kimi deyə bilərəm ki birgəfəaliyyətin müsbət cəhətləri olduqca çoxdur və bu fəaliyyət nəticəyönümlüdür.
Vüsalə Sadıqova (Qələndərli)
“İstedadları Tanıyaq və Tanıdaq” İB-nin sədri