Görüşdən əvvəl YAP Bərdə rayon təşkilatı İdarə heyəti və Şura üzvləri, bir qrup partiya fəalı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra YAP Bərdə rayon təşkilatı İdarə heyətinin üzvləri və bir qrup partiya fəalı Qarabağ döyüşlərində bir əlini və bir ayağını itirmiş birinci qrup əlil, Qarabağ qazisi, 1993-cü ildən YAP üzvü Qurbanov Şakir Səlimxan oğlu, Qarabağ döyüşlərində bir ayağını itirmiş və başından zədə almış birinci qrup əlil, Qarabağ qazisi Əhmədov Novruz Əhməd oğlu, Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən, Qarabağ döyüşlərində qolundan və başından zədə almış Musayev Rəşid Hüseyn oğlu ilə görüşdə olmuşlar. Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya onları Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünü münasibətilə təbrik etmiş, xalqımızın Ümummilli lideri Heydər Əliyevin ölməz ideyaları ilə silahlanmış Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində rolundan və xidmətlərindən danışmış, xalqın daima yanında olan Yeni Azərbaycan Partiyasının uzunömürlülüyünün səbəblərini açıqlamış və möhtəşəm qələbələrə, zəfərlərə imza atmasında partiyamızın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır. Həmçinin qeyd etmişdir ki, Qarabağ qazilərinə olan diqqət və qayğı bugün ölkənin mühüm prioritet istiqamətlərindən biridir. Çünki dövlətimizin möhkəmliyi həmdə bu vətən uğrunda döyüşmüş, canlarından və qanlarından keçmiş, əlil olmuş vətən oğullarının döyüş yolundan keçir. Görüşdə Qarabağ qaziləri və partiyanın ilk üzvləri öz döyüş xatirələrini bölüşmüş və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Görüşdə onların hər birinə maddi yardımlar edilmiş, həmin Qarabağ qazilərinin ailələri partiya fəalları İlham Əzimov və Məhərrəm Şəfiyev tərəfindən himayəyə götürülmüşlər.