162 saylı məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təhsil müəssəsinin keçmiş psixoloqu Könül Ağayeva ilk dəfə danışıb.
“Rubin.az” xəbər verir ki, K. Ağayeva məktəbdəki hadisələr, intihar günü və intihardan sonra baş verənlər barəsində “Toplum TV-yə müsahibə verib.
Məktəbin keçmiş psixoloqu bildirib ki, hadisə baş verən gün o, Elinanın dindiriliyi otağa buraxılmayıb və, ümumiyyətlə, hadisələrdən kənar saxlanılıb:
“Elinanın intihar etdiyi müəllimlərdən eşitdim. Mən inanmadım. Koridora düşdüm. Koridordan katibənin otağına girirsən, katibənin də otağından qapı var, direktorun kabinetinə girirsən. Koridorda iki nəfər gördüm: biri tibb bacısı idi, biri də katibə.Katibənin otağının qapısı bağlı idi. Çöldə durmuşdu. Bunu müşahidə kameralarını açıb baxsalar, görəcəklər ki, mən düz danışıram. Mən yaxınlaşdım, hadisəni dedi. Dedi ki, özünü üçüncü mərtəbədən atıb. İçəridədir, içəri də adamlar var. Soruşdum ki, kim var içəridə. İkisi də üzlərini o tərəfə çevirdilər. Mənə heç nə demədilər. İçəri keçmək istədim, dedi ki, olmaz, Könül müəllimə. Gördüm ki, Tünzalə müəllim gəlir, direktorun müavini idi. Çıxdı, müəllimlər otağına girdi. Soruşdum ki, vəziyyəti necədir. Konkret şəkildə mənə dedi ki, aşağıda hər şeyə Sevinc müəllimə (məktəbin direktoru-red.) nəzarət edir, hər yerə də məlumat ötürmüşük, narahat olma…
Lalə müəllim (direktor müavini –red) məni nə hadisə vaxtı otağa daxil olmağa, nə də xəstəxanaya yaxın qoydu. Ümumiyyətlə, o hadisələrdən tam şəkildə məni kənarda tutub”.
Baş verənlərdə adı hallanan K. Ağayeva qeyd edib ki, yalnız Əməkdar artist Röya Ayxanın sosial şəbəkədəki paylaşımından sonra şübhələr onun üzərindən götürülüb:
“Sosial şəbəkədə haqqımda məlumat çıxdı ki, Könül Ağayeva direktorun həyat yoldaşı ilə bərabər otaqda Elinanı yaralı vəziyyətdə dindirib. İnanırsınız, mən nə vəziyyətə düşdüm… Bu, yalnız, səhv etmirəmsə, Röyanın (Əməkdar artist Röya Ayxan –red.) sosial şəbəkədə “Bu, psixoloqun səsi deyil, bu, Xalidə xanımın səsidir” açıqlamasında sonra Xalidə xanım prokurorluğa çağrıldı və belə şəkildə açıqlama verdi ki, bəli, mən danışdırmışam”.
K. Ağayeva hadisədən bir müddət sonra məktəbin direktoru Sevinc Abbasovadan ismarıc aldığını və evinə dəvət olunduğunu bildirib:
“Ona yazdım ki, gəlməyəcəyəm. Dedi ki, oturub vəkillərimizlə görüşəcəyik. Deyəcəyik ki, bu belə olub, bu belə. Yönləndirmə prosesində mənə nə deyəcəkdirsə, bilmirəm. Konkret şəkildə razılıq vermədim, getmədim. Dedim ki, mən əvvəldən sizinlə deyildim, axıradək də sizinlə deyiləm.
Sonra iyunun 15-də bir də yazdı. Günahı hansısa pedofilin üstünə atırdı. Başa düşmədim. Votsapda zəng etdi mənə. Dedi ki, məndə günah yoxdur, siz məni dəstəkləməlisiniz, mən bəraət almalıyam və biz məktəbə qayıtmalıyıq. Yəni, mənim də orada onu dəstəkləməkdə marağım olsun.
O, son dəqiqələrədək, mən ayın 19-u məhkəməyə girənə qədər, elə bildi ki, mən də onun bəzi yönləndirdiyi müəllimlər yönələcəyəm, amma mən yenə öz fikrimdə qaldım”.
Məktəbin keçmiş psixoloqu Elinanın bir müddət əvvəl də intihara cəhd etməsindən söz açıb:
“O qızın orada, lezva məsələsində istəyi o idi ki, “Mənim məktəbimi dəyişin”. O, onu orada dedi. Necə ola bilər ki, onu otaqda bir dənə mən eşitdim. Digər şəxslər hamısı eşidib, sadəcə olaraq, direktorun yönləndirməsidir ki, bunu deməyin. Onun məktəbi dəyişdirilsəydi, bu hadisə baş verməyəcəkdi. Direktoru onu yerinə yetirmədi. Bu gün də onu etiraf etmir”.
Xatırladaq ki, intihar hadisəsindən bir neçə gün sonra 162 saylı məktəbin direktoru Sevinc Abbasova, tərbiyə işləri üzrə direktorun müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və məktəbin psixoloqu Könül Ağayeva Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən işdən çıxarılıb.