Gəncə şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilati dəstəyi ilə “Gənc Aqronomlar Məktəbi” adlı layihə həyata keçiriləcək.
“Gənc Aqronomlar Məktəbi” layihəsinin rəhbəri,Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının sədri Valeh Əsədov Rubin.az -a bildirib ki, layihənin keçirilməsində məqsəd məqsədi region gənclərinin ictimai fəallığının artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması,bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması,problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək,onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarətdir. Layihə Aqrar sahədə dövlət sektorunun iştirakının kənd təsərrüfatında istehsalın növü ilə bilavasitə şərtlənməsini ehtiva edəcək. Arzu olunmaz iqlim və ekoloji təhlükələr şəraitində, yerli istehsalçıları müdafiə etmək məqsədi ilə idxalın subsidiyalaşdırılması və beynəlxalq rəqabətə tab gətirilməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq.
Cari layihə çərçivəsində “Aqrar sahəyə göstərilən dövlət qayğısı”,”Kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi”,”Kəndlimiz yerli aqronoma inanırmı?” və “Aqrar təhsilin təbliği modeli” adlı maarifləndirici təlimlər keçiriləcək,layihə iştirakçılarının Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiyası təşkil olunacaq.Həmçinin layihə iştirakçılarından ibarət gənc ekoloqlar klubu yaradılacaqdır.Layihənin sonunda iştirakçıların sertifikatlarla mükafatlandırılması nəzərdə tutulub.Qeyd edək ki, layihə çərçivəsində ilk tədbir layihənin təqdim olunması məqsədilə 18 yanvar 2019-cu ildə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin iclas zalında keçiriləcəkdir.