Mayın 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.
“Rubin.az” xəbər verir ki, Mehriban Əliyeva və Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəliblər. Onlar bu təhsil ocağının siniflərinə baxıblar, müəllim və şagirdlərlə görüşüblər.
Sonra Mehriban Əliyeva və Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar.
Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.
Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirib ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ediblər.
Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.