“Mən həmişə demişəm ki, açın, buraxın bunları. İlqar Məmmədovla bağlı yazırdılar. İlqar Məmmədov çıxıb, hə, neyləyir ki?” Rubin.az xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov həbs edilmiş bloger Mehman Hüseynovun ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.
“Vallah, onun həbsdə saxlanılması… Guya o, həbsdən çıxıb neyləyəcək? Hüquqi dövlətdir. Mən həmişə demişəm ki, açın, buraxın bunları. İlqar Məmmədovla bağlı yazırdılar. İlqar Məmmədov çıxıb, hə, neyləyir ki? Ancaq elə məsələ var ki, insanları pis tərbiyə edir, insanları qanunu pozmağa, qanunun aliliyini tapdamağa yönəldir. YAP, AXCP, Müsavat, ADP, ya başqa təşkilatların üzvü olsun, fərqi yoxdur, qanunu pozmamalıdır. Düşünməməlidir ki, bu partiyanın üzvüyəmsə, qanun məni qoruyacaq. Xeyr! Qanun hamı üçün birdir, müəllim üçün də, həkim üçün də, jurnalist üçün də, bloger üçün də!” – o qeyd edib.
Siyavuş Novruzov bunu da bildirib ki, xaricdə yaşayan azərbaycanlılar valideynlərinin qəbirlərini ziyarət etmək üçün Qarabağa getmiş və buna görə ermənilər tərəfindən ömürlük həbs cəzasına məhkum olunmuş Dilqəm Əsgərov haqqında heç nə yazmırlar. Amma eyni zamanda, Mehman Hüseynov haqqında yazırlar.
“Hər kəsin mülkiyyət hüququ var. Biri halal, digəri haram yolla qazanır. Amma haram yolu ilə qazananı ver məhkəməyə. Biri Rusiyada bizneslə məşğul olub, gəlib özünə ev tikib, sənə kim hüquq verir ki, həmin şəxsin mülkiyyətinə toxunasan? Yaxud deyir mən bloggerəm, jurnalistəm. Bunu hamı deyir. Birini işdən çıxarırlar, səhər deyir mən hüquq müdafiəçisiyəm. Onda mən də elan edirəm: ABŞ prezidentiyəm. Olur belə bir şey?”, – S.Novruzov hesab edir.