Göyçay rayonunda Şuşanın işğal olunmasının 27-ci ildönümü ilə əlaqədar olaraq sil-silə tədbirlər keçirilir.
Belə ki,bu gün Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində bu münasibətlə toplantı keçirilib. Əvvəlcə tədbir iştirakçıları torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizi bir dəqiqəlik sükut ilə yad edib,ruhlarına dualar oxuyublar.
Daha sonra toplantı tədbirini giriş sözü ilə açan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov bildirib ki, bu il Şuşanın işğalından 27-il ötür. Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər. Daha sonra tədbir həmin kollecin Azərbaycan tarixi üzrə fənn müəllimi, Səməd Şuşalının çıxışı ilə davam edib.
S.Şuşalı qeyd edib ki, Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.
Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var.
Sonda tədbir Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbəsinin şeiri ilə yekunlaşıb.