Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı son günlər hadisə yerlərində çəkiliş apararkən fiziki hücum və peşə fəaliyyətlərinə maneə yaradılması hallarının narahatlıq doğurduğunu bildirib.
Bəyanatda qeyd edilib ki, belə hərəkətlər jurnalistlərin təhlükəsizliyini təhdid etməklə yanaşı, cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilə edir.
Şura “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə istinadən jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilənin, onlara təzyiq göstərilməsinin və təqib olunmasının yolverilməz olduğunu vurğulayıb.
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayıb, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edib və hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa çağırıb.
Mənbə: az.trend.az

