Yanvarın 18-də Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Onlayn keçirilən tədbiri açan Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Vitse-spiker Adil Əliyev diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə iki məsələ – komitənin 2023-cü il payız sessiyasının hesabatı və 2024-cü ilin yaz sessiyası üçün görüləcək iş planının layihəsi daxil edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz suverenliyini bərqərar etməsini ötən ilin ən böyük tarixi hadisəsi adlandıran komitə sədri 2023-cü ilin bir çox sahələrdə iqtisadi, siyasi, sosial baxımdan ölkəmiz üçün uğurlu il olduğunu diqqətə çatdırıb.O, həmçinin dövlət başçısı tərəfindən elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində həm ölkəmizdə, həm də xaricdə silsilə tədbirlər keçirildiyini bildirib.
Komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı ilə bağlı Adil Əliyev bildirib ki, hesabat dövründə Gənclər və idman komitəsinin 7 iclası keçirilib, ümumilikdə 4 məsələyə baxılıb. Həmçinin “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda 1 ictimai dinləmə keçirilib.
Vitse-spiker 2023-cü ilin payız sessiyası dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 1204 müraciətin daxil olduğunu qeyd edib, vətəndaş qəbulları zamanı müraciətlərin həlli məqsədilə qanunvericilik çərçivəsində addımların atıldığını diqqətə çatdırıb.
Adil Əliyev komitə üzvlərinin “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakından, kikboksinq üzrə “Heydər Əliyev Kuboku”ndan, “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda paytaxtda və Naxçıvan Muxtar Respublikasında gənclərlə görüşdən, millət vəkilləri və Parlament Aparatının əməkdaşları ilə birgə “Heydər Zirvəsi”nə yürüşdən bəhs edib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə komitə üzvləri seçicilərlə, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərlə, uğur qazanmış idmançılarla görüşüblər, onların qayğıları ilə maraqlanıblar.
Adil Əliyev Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı məlumat verərkən bildirib ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, gənclərin və idmançıların iştirakı ilə ictimai dinləmələrin, görüşlərin keçirilməsi, şəhid ailələrini ziyarət və digər məsələlər əksini tapıb.O, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekofəal gənclərlə, təşkilatlarla görüşlərin də planlaşdırıldığını diqqətə çatdırıb.
İclasda Gənclər və idman komitəsinin üzvləri Cəbi Quliyev, Etibar Əliyev və Jalə Əhmədova çıxış ediblər, müzakirə olunan məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda komitənin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı nəzərə alınıb, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib. Onlayn iclasda komitə sədrinin müavini Şahin İsmayılov, komitə üzvləri Könül Nurullayeva, Cavid Osmanov, Ülvi Quliyev, Sevinc Hüseynova, Mahir Abbaszadə, Müşfiq Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.