Son bir ayda uşaqlar arasında qızdırma, halsızlıqla müşahidə edilən virus yayılıb.
Belə ki, bu barədə bir çox valideynlər sosial şəbəkələrdə paylaşımlar edir. Ərazi üzrə poliklinikalarda çalışan pediatrlar da son günlərdə qızdırma, qusma, iştahasızlıqla bağlı şikayətlərlə gətirilən uşaqların sayında artım olduğunu təsdiq edirlər.
Xəstəliyə beş yaşa qədər olan uşaqlar arasında daha çox rast gəlinir və simptomlar bir həftədən bir aya qədər davam edə bilir. Virusun keçiliyinin də sürətli olduğunu deyən valideynlər, uşaqları bu virusdan hansı vasitələrlə qorumalı olduqlarını bilmirlər.
Əhali arasında narahatlıq yaradan bu virus əslində nədir? Virus uşaqlara necə yoluxur? Antibiotik müalicəsi şərtdirmi? Virusdan qorunmağın ən effektiv yolları nələrdir?
Oxu.Az-ın bu və digər suallarını Səhiyyə Nazirliyinin mütəxəssis eksperti pediatr Erkin Rəhimov cavablandırıb.
Həkimin sözlərinə görə, yay aylarında əksər zamanlarda uşaqlar arasında rotavirus və ona bənzər mədə-bağırsaq virusları tez-tez müşahidə edilir:
“Bu viruslar uşaqlarda qızdırma, ishal və qusma kimi simptomlarla müşahidə edilir. Uşaqlar özlərini halsız hiss edir, iştahasız olurlar. Ola bilər ki, bu viruslar başqa uşaqlara ünsiyyət zamanı yayılır. Çünki bu viruslar ağız, tənəffüs yolu ilə keçir. Körpə uşaqlar arasında daha geniş yayılıb. Aydın məsələdir ki, uşaq əllərini hər yerə vurub ağzına soxur və virus mədə-bağırsaq sisteminə düşür.
Bakteriyalar isə daha nadir hallarda müşahidə edilir. Amma bütün hallarda həkim müayinəsi mütləqdir”.
Müayinə və müalicə prosesində antibiotik istifadəsinə üstünlük verilməməsini tövsiyə edən həkim, virusa daha çox 2 yaş və daha aşağı yaş qrupu olan balacalarda rast gəlindiyini deyir:
“Antibiotikə çox nadir hallarda ehtiyac olur. Xəstəliyi törədən virusa antibiotik təsir eləmir. Antibiotik müalicəsi daha çox həkim müayinəsi və nəcis analizinin cavablarına müvafiq olaraq təyin edilir. 2 yaş və daha az yaşı olan uşaqlarda ana südü önəmlidir, orqanizmdə müdafiə rolu oynayır. Amma bəzən iki yaşdan yuxarı uşaqlarda da rast gəlinir. Böyük uşaqlarda şəxsi gigiyena önəmlidir və buna nəzarət edilməlidir”.
“Bəzən bu virusun dənizdə su vasitəsilə yayıldığı deyilir, bu doğru deyil. Dənizin virusun yayılmasında rolu yoxdur. Məsələ insanların çox olması və uşaqların eyni oyuncaqlarla, yaxın təmasda oynamasıdır. Virus bu şəkildə uşaqlar arasında yayılmağa başlayır”,- deyə həkim qeyd edib.