Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
Mərkəzdən “Rubin.az”-a məlumata görə, imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 12684 bakalavrdan 138 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 97 bal olub.
Qeyd olunub ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın II mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar 2019-cu il aprelin 26-dan mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.