“Bütün bu işlər, o cümlədən ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarır ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər”.
“Rubin.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərenerji” ASC-nin baş idarəetmə kompleksinin açılışında çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, bunu həmişə arzulayıb: “Ancaq görəndə ki, xarici investor bu sahəyə maraq göstərmir, bütün işləri biz özümüz görürük, öz pulumuzla. Müəyyən hissəni biz borc kimi götürdük, amma əsas hissəni öz pulumuzla həll etdik və bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır.
Bunu mən elə-belə demirəm. Beləliklə, Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni, bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Özü də nə vaxt, qısa müddət ərzində.
Bizim müstəqilliyimizin hələ 30 yaşı tamam olmayıb”.