NEQSOL Holding “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində “YAŞAT Kuboku” adlı xeyriyyə intellektual turniri təşkil edib. Turnirdə Holdinqin tərkibindəki şirkətləri, “YAŞAT” Fondunu, digər şirkət və təşkilatları təmsil edən əməkdaşlardan və fərdi iştirakçılardan ibarət 32 komandada təxminən 200 nəfər iştirak edib.
Turnirin əsas məqsədi şəhid ailələrinin üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək göstərilməsi üçün “YAŞAT” Fonduna ianələrin cəlb edilməsi olub. Tədbir çərçivəsində komandalar və onları təmsil edən şirkətlər Fond üçün ümumilikdə 150 min manat məbləğində ianə ediblər.
Komandalar 48 sualı cavablandırıblar; sualların hazırlanması, cavabların yoxlanılması və yarışın idarə olunması təcrübəli mütəxəssislər və münsiflər heyəti tərəfindən həyata keçirilib. Qalib komandalar medal və sertifikatlarla, birinci yerə layiq görülən komanda isə “YAŞAT Kuboku” ilə təltif edilib.
NEQSOL Holdingin 2021-ci ildən etibarən “YAŞAT” Fondu ilə əməkdaşlığı çərçivəsində Azerconnect Group, Bakcell, Norm, Nobel Energy və digər şirkətlər tərəfindən Fond üçün ümumilikdə 4 milyon manat vəsait ayrıldığı bildirilib.
Əməkdaşlıq səhiyyə, təhsil, məişət şəraitinin yaxşılaşdırılması və borc öhdəliklərinin ödənilməsi istiqamətlərində, eləcə də “Məktəbli ləvazimatları”, yay düşərgələri və digər sosial layihələrə dəstək göstərilməsini əhatə edir. Ümumilikdə bu əməkdaşlıq çərçivəsində 5 000-dən çox şəxsə dəstək göstərildiyi qeyd olunub.
SIAR Research and Consulting Group-un 3I – Initiativs Impact Index çərçivəsində 2026-cı ilin iyun–avqust aylarında aparılan qiymətləndirmədə NEQSOL Holding ilə “YAŞAT” Fondunun əməkdaşlığı mövsüm ərzində qiymətləndirilən 132 təşəbbüs arasında ən yüksək “Flagship” reytinqinə layiq görülüb.
Mənbə: az.trend.az

