Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması nəticəsində 18 nəfərin xəsarət alması, 1 nəfərin isə ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AzVision.az-a məlumat verilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
* * *
12:40
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən AzVision.az-a məlumat verilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
* * *
12:11
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, qəza yolun 29-cu kilometrliyində qeydə alınıb.
Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən digər marşrut avtobusu ilə toqquşub. Nəticədə bir nəfər ölüb, 18 nəfər yaralanıb.