Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, millət vəkili Adil Əliyev xalqımızı 8 Noyabr Zəfər günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: “Tarixi Zəfərimizin 3-cü ili həm ölkəmizdə, həm də dost ölkələrdə böyük təntənə ilə qeyd olunur. Bu il Zəfər Gününü daha da əlamətdar edən hadisə isə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləridir. Məhz bu tədbirlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərqərar olundu. Prezident, Müzəffər Ali Baş Komandanın Xocalıda, Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla tarixi missiyanı tamamlamış oldu. İndi isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir, xalqımızın öz torpaqlarına geri dönməsi ilə o ərazilərə həyat gəlir. Şəhidlərimizin qanı hesabına azad olunmuş Vətən torpaqlarında üçrəngli bayrağımız böyük məğrurluqla dalğalanır. Bizə tarixi Zəfərimizi yaşatmış şəhidlərimizin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm. Zəfər Günü münasibətilə Sizi təbrik edir, ölkəmizin qazandığı Qələbələrin daimi olmasını diləyirəm. Zəfər Gününüz mübarək!”