Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək bugünkü iclasda iş üzrə son bir neçə zərərçəkmiş və şahid dindiriləcək.
Prosedura görə, daha sonra məhkəmə istintaqı tamamlanmalı, çıxışlar mərhələsinə keçirilməlidir.
İclas birazdan başlayacaq.
***
Məhkəmənin növbəti iclası başlayıb.
***
Zərərçəkmiş Salman Rəhimov Meşəli sakini deyil. O həmin vaxt kəndə qonaq gedibmiş.
S.Rəhimovun sözlərinə görə, hücum vaxtı o və bacısı ayağından, nənəsi başından güllələnib: “Səhər saat 5-də kəndə hücum etdilər. Bunlar qadınları, uşaqları öldürdükdən sonra kəndi yandırırdılar. Bütün kənd cammatı deyirdi ki, hücuma Vaqif başçılıq edib. Anan səni azərbaycanlıları qırmaq üçün böyüdüb”.
Prokuror Müqəddəs Sultanov zərərçəkmişlərin onun həbsindən sonra onun adını çəkdiklərini iddia edən V.Xaçatryanı susdurub: “Siz tutulmazdan 15-20 il əvvəl alınmış ifadələrdə adınız çəkilir. İndinin məsələsi deyil. Hələ o vaxt Meşəli hadisələrinə hücum edənlərdən birinin siz olduğunuzu deyiblər”.
***
Zərərçəkmiş Niyazi İbadullayev deyib ki, onun qardaşını və digər qohumlarını maşında güllələyiblər:
“Mən hadisə vaxtı kənddə olmamışam. Qardaşım Sabiri də, qohumlarımı da bizim maşında güllələdilər. Hamı deyirdi ki, Vaqif Xaçatryan da hücum edənlərin arasında olub.
V.Xaçatryanın “zərərçəkmişin yaxınları ilə yeyib-içmişəm” deməsi prokurorda sual yaradıb:
“Bir yerdə yeyib-içmisizsə, niyə indi sizə qarşı qərəzli ifadə verirlər?”
“Bilmirəm”, – deyə Xaçatryan cavab verib.
Xatırladaq ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə kəndə hücum edib. Hücum nəticəsində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Vaqif Xaçatryan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlakı məhv edib.
V.Xaçatryan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0. 6., 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham olunur.
“Qafqazinfo”