Xalqımız tarixi hadisələrə şahidlik etməyə davam edir. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində ucaldılan Azərbaycan Bayrağı suverenliyimizin bərpa edilməsinin yekun nəticəsi idi. Uzun illər düşmən işğalında qalmış tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Dövlət başçısının diplomatiya sahəsində atdığı uğurlu addımlar nəticəsində şəhər və kəndlərimiz bir güllə belə atılmadan düşməndən azad edildi.
Bu ilin sentyabrında 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri suverenliyimizin bərqərar edilməsi ilə yekunlaşdı. Hələ İkinci Qarabağ müharibəsinin gedişində dövlət başçısı günahkarların cəzalandırılacağını və törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb ediləcəyini bildirmişdi. Bu gün əli həmvətənlilərimizin qanına batmış dırnaqarası rejimin rəhbərləri məhkəmələrimiz qarşısında törətdikləri cinayətlərə görə cavab verirlər.
Bu fikirləri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib.
Onun sözlərinə görə, tarixi ədalətin bərpa edilərək, Xankəndi şəhərində bayrağımızın ucaldılması həm də tarixi Qələbəmizə kölgə salmağa cəhd edənlərə ən tutarlı cavab idi. Zəfərimizi qəbul edə bilməyən və buna qısqanclıqla yanaşan xaricdə ermənipərəst Fransadırsa, təəssüf ki, daxildə də marjinal müxalifətdir. Tarixi Qələbəmizə dil uzadanlar həm də Vətən yolunda canlarını qurban verən şəhidlərimizin əziz ruhlarını narahat edirlər. Zəfərimizi yarımçıq Qələbə kimi qiymətləndirənlərin, Xocalısız, Xankəndisiz qələbənin tam olmadığını qeyd edənlərin bugünkü susqunluğunun yalnız bir cavabı var: 1991-1993-cü illərdə bu ölkənin başına gətirdiyiniz fəlakətin həll edilməsi üçün 30 il vaxt lazım oldu. Azərbaycan xalqı hakimiyyət uğrunda apardığınız savaş zamanı düşmənin işğalına göz yummağınızı heç zaman unutmayacaq.
Dövlət başçısı 20 il əvvəl xalqa verdiyi sözü yerinə yetirərək, ölkəmizin ərazi bütövlüyünü tam bərpa və suverenliyini bərqərar etdi. İşğaldan azad edilmiş ərazilərdə böyük abadlıq və quruculuq işləri aparılır.
Milli Məclis sədrinin müavini qeyd edib ki, bu gün həm də Füzuli şəhərinin düşmən işğalından azad olunduğu gündür, 3 ildən də qısa müddətdə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Füzuliyə də həyat qayıdıb. 30 il doğma yurd həsrəti çəkmiş məcburi köçkünlər artıq öz evlərindədir. “Füzuli Şəhəri Günü”ndə yurd-yuvalarına qayıtmış füzulililərlə görüşdə dövlət başçısı görülən işlərin uğurla davam etməsindən bəhs edib.
“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda başlamış genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Füzuli şəhərində ilk Beynəlxalq Hava Limanı tikilmişdir. Şəhər və kəndlərin təməli qoyulmuş, təhsil, tibb müəssisələri yaradılmış, vətəndaşların rahat yaşaması üçün bütün infrastruktur qurulmuşdur. Nəzərə alsaq ki, məhz Ermənistan hakimiyyəti 30 il ərzində işğal altında saxladığı bütün rayon və şəhərlərimizdə olduğu kimi, Füzulini də tam istismar edib, daş üzərində daş saxlamayıblar. Mümkün olan bütün vandallıq aktlarını törədiblər.
Bu gün isə Böyük Qayıdış Proqramı uğurla icra edilir və hər kəs doğma yurda dönür. Artıq ölkəmizdə yeni inkişaf mərhələsi başlayıb, Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində və Füzulidə dediyi kimi qələbəmizə görə Vətən övladlarına borcluyuq. Məhz dövlətimizin gücü ilə bərabər qəhrəmanlarımızın cəsarəti və şücaəti bizi tarixi Qələbəmizə apardı”,- deyə Adil Əliyev vurğulayıb.
Azərtac