Oktyabrın 6-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, dünən Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Belə bir qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmirlər. İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib. Spiker Sahibə Qafarova deyib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərin görməzliyə vurulması Avropa Parlamentinin ikili standartlardan əl çəkə bilmədiyini göstərir. Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir.