Milli Məclisin Gənclər və İdman Komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclas Ermənistan terrorçuları tərəfindən Xocavənd istiqamətində həlak olan həmvətənlilərimizin xatirəsinin anılması ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna ehtiram olaraq sükut elan edildi.
RUBİN.AZ xəbər verir ki, sükutdan sonra Milli Məclisin sədr müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri Komitənin yaz və növbədənkənar sessiya dövründə gördüyü işlərə dair Hesabatı təqdim etdi.
2023-cü il dövlət başçısı tərəfindən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə “Heydər Əliyev İli” elan edilib.
Adil Əliyev çıxışı zamanı “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və xarici ölkələrdə keçirilən tədbirlərdən söz açaraq, parlament rəhbərliyinin, o cümlədən komitə üzvlərinin bu tədbirlərdə fəal iştirak etdiyini qeyd etdi. Bildirdi ki, hesabat dövründə Komitədə 2 iclas keçirilmiş və 5 məsələyə baxılmışdır. Habelə, “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda ictimai dinləmə keçirilmişdir. Komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 1182 məktub, müraciət və sənəd daxil olmuşdur. Onlardan 464 yazılı şəkildə poçt vasitəsilə, 718 müraciət isə sosial şəbəkələr vasitəsilə daxil olmuşdur. Milli Məclisdə, deputat ofisində, eləcə də səyyar qəbullar vasitəsilə 437 nəfər vətəndaş qəbul edilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan müraciətlərə dair qanunvericilik cərçivəsində tədbirlər görülmüş, müraciətlərin tam, hərtərəfli və obyektiv həlli üçün bütün zəruri addımlar atılmışdır.
Millət vəkili qeyd etdi ki, Sessiya dövründə Türkiyəyə, Gürcüstana, Pakistana, Rusiyaya, Misirə, Mərakeş Krallığına, Yaponiyaya səfərlər edilib. Xarici ölkələrə səfərlər çərçivəsində bu ölkələrin parlament sədrləri, sədr müavinləri və deputatları ilə, eləcə də beynəlxalq parlament təşkilatlarının sədrləri ilə ikitərəfli görüşlər keçirilmişdir. Görüşlərdə parlamentlərarası əməkdaşlıqdan, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu rəhbərliyindən, Hərəkatın Parlament Şəbəkəsinin təsis edilməsi ilə verdiyi böyük töhfədən bəhs edilib. Habelə, Milli Məclisdə mütəmadi olaraq gənclərlə və idmançılarla görüşlər keçirilmiş, onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılmışdır. Eyni zamanda elm və idman olimpiadalarının, çempionatlarının qalibi olan, yüksək nəticə göstərənlər, tələbələr Milli Məclisə dəvət edilmiş, burada parlamentin iş fəaliyyəti, iclasları barədə onlara geniş məlumat verilmişdir. Paytaxtda, ayrı-ayrı rayon və şəhərlərimizdə, habelə Naxçıvan Muxtar Respublikasında mütəmadi olaraq şəhid ailələri ziyarət edilmiş, görüşlər keçirilmişdir. Vəkillər Kollegiyasının üzvləri ilə birlikdə vətəndaşlar üçün pulsuz hüquqi yardım, tibb müəssisələri ilə birlikdə tibbi müayinələr təşkil edilmişdir. Təhsilalanlara dəstək məqsədilə 160 nəfər birinci sinfə gedən şagird bütün ləvazimatlarla təmin edilmiş, yüksək nəticə göstərən tələbələrlə görüşlər keçirilmişdir.
Bugünkü iclasın sonunda Hesabat yekdilliklə qəbul edildi, Gənclər və İdman Komitəsinin payız sessiyası üçün iş planı təsdiq edilmişdir.