26 avqust tarixi “Laçın şəhəri” günüdür və bu təqvim ölkəmiz üçün olduqca əlamətdardır. Şanlı Azərbaycan Ordusu məhz bu tarixdə 30 ilə yaxın müddət ərzində işğal altında qalmış Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olaraq, onları tam nəzarətə götürdü. Böyük Qayıdış Planı çərçivəsində artıq Laçına ilk köç başlayıb və Laçın yenidən qurulur.
Uzun illər dədə-baba yurd-yuvasından, evlərindən məcburi köçkün düşmüş həmvətənlərimiz öz doğma yurdlarına geri qayıdırlar. Məhz bu gün şahidlik etdiyimiz tarixi anlar dövlət başçısının iradəsi və rəşadətli Ordumuzun əzmi sayəsində mümkün oldu.
44 günlük Vətən müharibəsi gücümüzü dünyaya nümayiş etdirdi, beynəlxalq müstəvidə tanınmış ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Bu gün şanlı Azərbaycan bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanması Qələbəmizin ən böyük sübutudur.
Tarixi Zəfərimizdən sonra ən böyük hadisələrdən biri də məhz dövlət sərhədimizin yaradılması oldu. Sərhədin toxunulmazlığı dövlətin qüdrətini təcəssüm etdirir. Bu məqsədlə də bu ilin 23 aprel tarixində Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladı. Azərbaycan-Ermənistan sərhədi təsis edilməklə ölkələr arasında keçidin, hərəkətin təhlükəsizliyi təmin edildi. “Laçın” sərhəd-buraxılış məntəqəsi erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməklə bərabər, həm də işğal altındakı ərazilərimizdə vaxtilə yerləşdirilmiş qeyri-qanuni birləşmələrin rotasiyasının qarşısını alır. Terrorçu dəstələr vaxtilə sərhədin olmamasından istifadə edərək, rahat şəkildə hərəkət etmiş, eləcə də bu yoldan silah, sursat və başqa avadanlıqlar daşınmışdır.
Azərbaycanın legitim hüququ əsasında təsis edilmiş “Laçın” sərhəd-buraxılış məntəqəsi terrorçuların silahlanmasının qarşısını almaqla bərabər, ölkəmizə məxsus olan sərvətlərin talanaraq aparılmasına imkan vermir. Sərhəd rejimi qısa müddət ərzində öz uğurlu nəticəsini verməkdədir. Uzun illər həmvətənlərimizə qarşı kütləvi soyqırım cinayəti törətmiş Vaqif Xaçaturyan məhz “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılmışdır. Bu gün Ermənistanın sərhəd buraxılış məntəqəsi ilə bağlı narahatlığının yeganə səbəbi də məhz terrorçuları himayə etməsi ilə bağlıdır.
Məğlubiyyətlə barışmaq istəməyən Ermənistan, havadarlarından güc alaraq siyasi manipulyasiyalara cəhd edir. İlk növbədə, bunu dəqiqləşdirmək lazımdır ki, bu gün əsassız olaraq humanitar böhranın olmasını qeyd edən bəzi dairələr nəyə görə BMT-nin Ermənistanın Azərbaycana təcavüzünü pisləyən 4 qətnaməsi olmasına baxmayaraq, Ermənistandan işğala son qoymasını tələb etməmişlər. 30 il ərzində torpaqlarımızı təcavüz altında saxlayan Ermənistana törətdiyi cinayətlərə görə bir dəfə də olsun münasibət bildirməyiblər. Ermənistanın hər addımda haqsız mövqeyini dəstəkləyən “himayədarları”nın bugünkü bəyanatları kimə lazımdır?!
Azərbaycan dövlətinin humanistliyi hər kəsə məlumdur. Məhz Ermənistan kapitulyasiya aktına qol çəkəndən sonra ölkəmizin hərbi əməliyyatları dayandırması, erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməsi bunun sübutudur.
Bu gün Azərbaycan humanitar yüklərin daşınmasına etiraz etmir. Bunun üçün hətta keçid də təklif edib ki, yüklər Ağdam-Xankəndi yolu ilə çatdırılsın. Əgər məqsəd yüklərin daşınmasıdırsa, bununla bağlı alternativ var, yox, Ermənistan hansısa havadarına güvənib qeyd edirsə ki, məhz yükləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirməlidir, onda bu, mümkün olmayacaqdır.
Biz Zəfər qazanmış dövlətik, heç kəs bizimlə şərtlə və ya hədə ilə danışa bilməz. Təəssüf ki, Ermənistan hələ də məkrli siyasətindən əl çəkmir. Hər kəsə məlumdur ki, Xankəndində yaşayan ermənilərin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Məqsədləri onlara yardım etmək deyil, hətta onların taleyi belə, onlar üçün maraqlı deyil. Belə olmasa idi, Xankəndində yaşayanların adlarından istifadə edərək təxribat törətməz, özlərini isə informasiya blokadasında saxlamazdılar.
Rubin.az