QHT “Regionlarda istedadlı gənclərin inkişafı istiqamətində tədbirlərin keçirilməsi” adlı layihənin icrasına başlayıb.
“İstedadları tanıyaq və tanıdaq” İB Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda istedadlı gənclərin inkişafı istiqamətində tədbirlərin keçirilməsi” adlı layihənin icrasına başlayıb.
Bu barədə “İstedadları tanıyaq və tanıdaq” İB-nin sədri Vüsalə Sadıqova SosialTV-yə məlumat verib. O bildirib ki, layihənin məqsədi, istedadlı və bacarıqlı gəncləri üzə çıxarmaq üçün tədbirlər keçirmək və sərgilər təşkil etmək. Həmçinin şəhər və rayonda yaşayan istedadlar arasında təməli möhkəm olan və davamlılığı qorumağı bacaran dostuq körpüsü yarada bilmək, vətənpərvər ruhda inkişaflarına dəstək olmaq, pis vərdişlərdən uzaqlaşdıraraq asudə vatlarını səmərəli təşkil etməkdir.
“İstedadlı uşaqları aşkarlamaq, asudə vaxtlarını səmərəli təşkil etməyə dəstək olmaq üçün ilk növbədə Gədəbəy və Tovuz rayonlarına səfər olunacaq, istedadlı uşaq və gənclərlə görüşlər keçiriləcək. Ekspertlərin iştirakı ilə həmin yeniyetmələrlə söhbət aparılacaq, layihə haqqında məlumat veriləcək.
Rayonlarda keçirilən tədbirdə gənclər istedadlarına uyğun olaraq, muğam, qiraət, yazarlıq qabiliyyəti, rəsm və malik olduqlıarı digər bacarıqlar üzrə müsabiqədə iştirak edəcək. Onların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək. Sonda Bakı şəhərində rayonlarda keçirilən müsabiqələrdə qalib olan gənclərlə birlikdə möhtəşəm tədbir keçiriləcək. Qaliblər mükafatlandırılacaq”-deyə Vüsalə Sadıqova bildirib.
Layihə rəhbəri qeyd edib ki, Bakı şəhərində və bölgələrdə bir çox istedadlı gənclər var və onları axtarıb tapmaq, üzə çıxarmaq lazımdır: “Regionlarda yaşayan istedadlı uşaqlar zamanında bu istedadı inkişaf etdirə bilmir. Bəzən valideynlərin diqqətsizliyi, bəzən də müəllimlərin onlara qayğı göstərməməsi səbəbindən istedadları üzə çıxa bilmir. Əslində istedadlı uşaqlar ən qısa zamanda aşkarlanmalı, fərdi yanaşma prinsipindən istifadə edərək onların inkişaf səviyyəsi müəyyənləşdirilməlidir. Bu uşaqlar ölkəmizin inkişafında, sosial-iqtisadi həyatında böyük uğurlara imza atacaq, öz istedadları ilə gələcək nəsillərə böyük töhfələr verəcəklər”-deyə layihə rəhbəri əlavə edib.