İyulun 2-də Azərbaycan Polisi yaranmasının 105-ci ildönümünü qeyd edir. Azərbaycan Polisi bu müddətdə şərəfli və keşməkeşli yol keçib.
RUBİN.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il “Azərbaycan polisi günü” kimi qeyd edilməsi qərara alınmışdır. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir.
24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.