Millətimiz və dövlətimiz növbəti dəfə 26 İyun – Silahlı Qüvvələr Gününü qalib millət, qalib dövlət kimi qeyd edir. Buna görə biz hamımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşməni işğal altında olan torpaqlarımızdan qovub çıxarmış qəhrəman əsgərlərimizə, qazi və şəhidlərimizə borcluyuq.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra iyunun 26-da milli ordunun yaradılmasına başlandı və ilk Əlahiddə Azərbaycan Korpusu təsis edildi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə həmin gün Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib.
Bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutu, o dövrün ağır geosiyasi şərtləri və erməni daşnak qüvvələrinin düşmən fəaliyyəti və ərazi iddiaları səbəbindən milli ordumuzu tam qurmaq mümkün olmadı. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu imdadımıza yetməsəydi, Cümhuriyyətin özünün iki ilə qədər mövcudluğu və paytaxtın Bakıya köçürülməsi mümkün olmazdı. Həmin dövrün son dərəcə çətin şərtlərinə rəğmən, qəhrəman övladlarımız Vətənimizin azadlığı və müstəqilliyi yolunda canlarını fəda etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Azərbaycanın Sovet İttifaqının tərkibinə qatılmasından sonra Azərbaycanda ordu quruculuğunda da varislik prinsipi pozulmuş, milli hərbçi kadrların hazırlanmasında boşluq yaranmışdı.
Sovet dönəmində Azərbaycanın müstəqil olmamasına və öz ordusunun olmamasına baxmayaraq, Azərbaycan oğullarının hünər və şücaətləri İkinci Dünya müharibəsində nasist Almaniyasına qarşı döyüşlərdə bütün Avropaya səs salmışdı. Müxtəlif Avropa ölkələrində qəhrəmancasına döyüşmüş Azərbaycan əsgərləri bu gün də ehtiramla anılır.
“Sovet dönəmindən bəhs edərkən, Ulu Öndər Heydər Əliyevin cəsarətli və vətənpərvər təşəbbüsü və böyük səyləri ilə yaradılmış Naxçıvanski adına hərbi məktəbi xatırlamamaq mümkün deyildir. Heydər Əliyev böyük çətinliklə də olsa, 1971-ci ildə Bakıda məşhur Azərbaycan sərkərdəsi Cəmşid Naxçıvanski adına hərbi kadrlar hazırlayan məktəbin yaradılmasına nail olur. Məktəbə Cəmşid Naxçıvanskinin adının verilməsi Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanda ordu sahəsində varislik prinsipinə sədaqətinin çox güclü göstəricisidir. Çünki Cəmşid Naxçıvanski Azərbaycan Demokratik Cümhuriyyəti dönəmində müstəqilliyin qorunması uğrunda erməni daşnaklara və onların xarici havadarlarına qarşı qətiyyətlə mübarizə aparmış, komandir olduğu Qarabağ süvari alayı ilə birlikdə 1920-ci ilin martında Şuşada daşnaklara qarşı fəal surətdə döyüşmüşdür. O, Sovet dövründə repressiyaya məruz qalmış və güllələnmişdir”, – deyə Adil Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev olduqca mürəkkəb və ağır daxili və beynəlxalq şəraitdə ordu quruculuğuna başladı. Eyni zamanda, orduda ruh düşkünlüyünü aradan qaldırmaq, əsgərlərin mənəvi baxımdan da yaxşı hazırlanması tələb olunurdu. Bu və digər nüansları yaxşı bilən Ulu Öndər qeyd edirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”.
Ulu Öndərin başladığı ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirildi. Onun rəhbərliyi ilə ordumuz Vətən müharibəsində bütün dünyanı heyrətə salan böyük Zəfər çaldı. Məhz bu Zəfər sayəsində Prezident İlham Əliyev tarixə Müzəffər Ali Baş Komandan kimi düşüb. Amma bu uğurlarla kifayətlənməyərək, Prezident İlham Əliyev ordumuzun peşəkarlığının və döyüş qabiliyyətinin yüksəldilməsinin hər zaman prioritet olacağını bəyan edib. Bu istiqamətdə işlər Vətən müharibəsi bitdikdən sonra da davam edir.
İyunun 23-də dövlətimizin başçısının komanda hərbi hissələrindən birində yaradılmış şəraitlə tanış olduğunu qeyd edən A.Əliyev vurğulayıb: “Komanda hissələrinin yaradılması ordunun yüksək səviyyəli peşəkarlığının və çevikliyinin təmin edilməsinə xidmət edir və düşmən üçün çəkindirici rol oynayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev komanda hərbi hissəsində əsgər və zabitlər qarşısında bəyan etdi ki, “Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab”.