Bu gün, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun və Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının birgə təşkilatçılığı ilə A. S. Puşkin adına Maqadan Regional Universal Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Гейдар Алиев – Взгляд из России» kitabının və filminin təqdimat mərasimi keçirildi.
RUBİN.AZ xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu v.i.e Şöhrət Mustafayev, Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramil Rəhimov, «Гейдар Алиев – Взгляд из России» kitabının müəllifləri Mixail Konstantinoviç Çernyakov və Kamal Çolu oğlu Əkbərov çıxış edərək, həm bugünkü tədbirin 15 iyun Milli Qurtuluş gününə təsadüf etməsinin əhəmiyyətindən, həm «Гейдар Алиев – Взгляд из России» kitabının mahiyətindən, həm də bu tədbirin ölkələrimiz arasında elm və təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyini və Heydər Əliyev şəxsiyyətinin ictimaiətə düzgün çatdırılmasına böyük töhfə verəcəyini bildirmişlər. Eyni zamanda, natiqlər, Ümummilli Lider Heydər Əliyevin nəinki Azərbaycanda, o cümlədən regionumuzda və dünya siyasətində oynadığı roldan, habelə çox əsirlik mehriban qonşuluq və dostluq sınaqlarından məharətlə çıxmağı bacarmış Azərbaycan-Rusiya münasibətlərinə töhfəsindən ətraflı danışıblar. Habelə, çıxışlarda xüsusilə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev həm öz xalqının, həm də dünya siyasətinin tarixində önəmli rol oynamış az saylı dahi şəxsiyyətlərdən biri olub. Yekunda Baş Konsulluq adından tədbirin yüksək səviyyədə və qüsursuz baş tutmasında göstərmiş olduqları dəstəyə görə, öncə Maqadan vilayətinin rəhbərliyinə, kitabxananın müdiriyyətinə, o cümlədən Maqadan Azərbaycan diaspor təşkilatına təşəkkür olundu. Tədbirdə Azərbaycan diasporunun fəalları ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri və Maqadan şəhərinin meri cənab Qrişan Yuri Fedoroviç də iştirak edib.

