Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini təbrik edib.
RUBİN.AZ xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası ilə Ukrayna arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimiyyətlə təbrik edir, dost Ukrayna xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Məhz bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur.
Sevindirici haldır ki, bu illər ərzində qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığımızın əhatə dairəsi genişlənmişdir. Bu gün apardığımız yüksək səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.
Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə nail olacağıq.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Ukrayna xalqına əmin-amanlıq və rifah diləyirəm.