Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb.
Modern.az-ın məlumatına görə, bu barədə onun özü bildirib:
“Dövlət qulluğunda 15 illik bir dövrü dövlətimizə, vətənimizə və cəmiyyətimizə vicdanla və şərəflə xidmət edərək başa vurduq. Artıq iş həyatımın növbəti mərhələsini Nazirlikdən ayrılaraq, digər istiqamətlərdə fərqli statusda inkişaf etdirmək qərarını verdim. Həyatımda hər zaman zəka və duyğuların gücünə inandım və mümkünsüz görünən ideyaların reallaşması üçün mübarizə apardım. Bu yolda bu illər ərzində mənə dəstək olan komanda yoldaşlarıma, həmkarlarıma, çalışdığım Nazirliyin rəhbərliyinə və ailəmə sonsuz təşəkkür edirəm”,-deyə V.Eyvazzadə sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, mərkəzi icra orqanında dövlət qulluğunun ilk vəzifəsi olan məsləhətçidən son vəzifə olan Aparat rəhbərinə kimi pillə-pillə bütün mərhələləri keçərək həm vətənə xidmət ordeni, həm də fəxri diplomla təltif olunub:
“Çox düşündüm…. Qarşıda böyük hədəflər, ideyalar və yeni layihələr var. Xalqımızın və dövlətimizin mənafeyinə və maraqlarına daha səmərəli xidmət edə bilməyim üçün beyin gücünə söykənən güclü tərəfdaşlıq institutunun formalaşdırılmasına ehtiyac duyulduğunu hiss etdim və özümü bu yolda sınamaq riskini gözə alaraq və tam könüllü olaraq doğma Nazirliyin Aparat rəhbəri vəzifəsindən 2022-ci ilin ilk iş günü ayrılmaq qərarını verdim. Düşünürəm ki, qərarım ədalətlidir. Bu həm də həyat boyu öyrənməyə sadiq qalaraq xaricdəki təhsilimi davam etdirməyimə zaman qazandıracaq.
Mədəniyyət xalqın məhsuludur və onu qorumağın, yaşatmağın və inkişaf etdirməyin hər bir vətəndaşın məsuliyyəti olduğuna inandığım üçün Nazirlikdən ayrılmaq bu sahəyə töhfə verməmək anlamına gəlmir, əksinə daha dəyərli töhfələr vermək üçün zamanımız və imkanımızın olacağına əminəm… Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik”.