Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülən və qəza anında qeydə alınan uçuş parametrlərini açıqlayıb.
Modern.az-ın məlumatına görə, bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, iki hərbçimiz isə yaralanıb.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ) və digər maddələri ilə cinayət işi başlanıb.