“Ən kəskin polemika zamanı riayət edilməli olan etika tələbləri prosessual rəqibə diqqətli və hörmətli münasibətlə məhdudlaşmır. Polemikada mənəvi meyar rəqibin dəlillərinə münasibətdir. Vəkil dinləməyi bacarmalıdır, vəkil üçün bu, peşə vəzifəsidir”.
E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
O qeyd edib ki, dinləmək və eşitmək bacarığı müdafiənin səmərəliliyinin təminatı, müdafiəçinin mənəvi borcudur: “Məhkəmə çıxışlarının iştirakçısı olan vəkil rəqibinin fikrini həqiqi və vicdanlı diqqətlə, səmimi maraq və hörmətlə dinləməyi bacarmazsa, onun sözlərindəki mümkün səhvi onun mahiyyətinin qüsuru kimi təqdim etməyə cəhd edərsə, öz borcunu yerinə yetirə bilməz”.