“Birinci oxunuşda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliyə əsasən, yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi mərkəzləşdirilir. Mədən vergisi toplayan xeyli bələdiyyə ilə danışdım və görürəm ki, bu dəyişiklik mütərəqqi yox, mürtəce dəyişiklikdir. Bələdiyyələri formal qurum kimi saxlamaq nəyə lazımdır? Birdəfəlik ləğv edək getsin”.
Bakupost.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat deyib ki, Azərbaycanda get-gedə bizdə hakimiyyət mərkəzləşir, yerli hakimiyyətlər daha da çox mərkəzə tabe edilir, vergilərin qalan hissəsi də mərkəzləşir:
‘Bu tip idarəetmə sistemi ziyanlıdır və belə çıxmır ki, biz elə bil sosialist əmək və idarəetmə sistemini yenidən bərpa edirik? Bələdiyyə dotasiya ilə yaşayar? Dünyanın hansı ölkəsində onlar dotasiya ilə yaşayır? Onlarla bələdiyyə var idi ki, özlərini saxlaya bilirdilər, indi onları da əlimizə baxmağa vadar edək. Düzgün yanaşma deyil. Əksinə, bələdiyyə institutunun gücləndirilməsi üçün çalışmalıydıq, əksini edirik. Bələdiyyələrin effektiv işləməsi üçün onların üzərindən “torpaq satan” damğasını götürməli və üzərlərinə yerli inkişafa nail olmaq üçün ciddi məsuliyyət qoymalıyıq. Bunun üçün də onların yerli səviyyədə maliyyə imkanlarını genişləndirməliyik, daha kiçicik işıq gələn yeri da tutmalı deyilik. Əgər deyildiyi kimi, onlar vergini yığa bilmirdilərsə, yaxşı olsun, mərkəzi hökumət gedib vergini yığsın, amma yığım həmin bələdiyyənin büdcəsinə verilsin”.
Deputat Fazil Mustafa bildirib ki, vətəndaşa bələdiyyə adı ilə heç bir ciddi xidmət yoxdur:
“Bələdiyyə sənədinin heç bir yerdə etibarı yoxdur. Sənədinin belə etibarlı sayılmayan bir qurumu niyə saxlamalıyıq?! Əvvəllər Avropa tələb edirdi deyə bu qurumu saxlayırdıq. İndi heç Avropanı da eşidən yoxdur. Hər il də büdcədən bu formal quruma xeyli miqdarda vəsait ayrılır”.
Hikmət Babaoğlu bələdiyyələrlə bağlı yeni qanun layihəsi hazırlamağı təklif edib:
“Bələdiyyələrin yerlərdə fəaliyyətini daha effektiv qurması yolları bu layihədə öz əksini tapsa, yaxşı olar”.
Qeyd edək ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır. Yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid ediləcək.