Bakının Nərimanov rayonunda Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Sənan Abdullayevin anım mərasimi keçirilib.
RUBİN.AZ xəbər verir ki, mərasimdə hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, döyüş yoldaşları, rayonun digər şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər, şəhidin ailə üzvləri və qohumları iştirak ediblər.
Mərasim iştirakçıları II Fəxri Xiyabana gedərək şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, Sənan Abdullayevin məzarı üzərinə əklil və gül dəstələri qoyublar. Digər şəhid olmuş qəhrəman Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarları ziyarət olunub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, torpaqlarımızın azadlığı uğrunda əsgər və zabitlərin göstərdiyi fədakarlıq nümunəsindən, şəhidlərimizin əbədi ehtirama layiq olduğundan bəhs ediblər.
Şəhidin anım mərasimi münasibətilə ehsan verilib, ruhuna dualar oxunub. Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Milli Məclisin sədr müavini Adil Əliyev işğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımıza səfəri, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı hər birimizin qəlbində gələcəyə inam və iftixar hissi oyadır.
Şəhidin atası Şahin Abdullayev çıxış edərək ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.//AZƏRTAC