Qısqanclıq zəminində anasını öldürməyə cəhddə ittiham edilən gənc hakim qarşısına çıxarılıb. O, anasını öldürmək istəmədiyini deyir. Anası isə oğlunu bağışlayıb.
“Rubin.az” Müsavat.com-a istinadən xəbər verir ki,2000-ci il təvəllüdlü Sənan Şahkərimov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihamda göstərilir ki, Sənan Şahkərimov anası Kəmalə Zalovanı öldürməyə cəhd edib. O, anasının mobil telefonuna gələn zənglərdən, mesajlardan və işdən evə qayıtdıqdan sonra telefonunu söndürməsindən şübhələnib, anasının hansısa bir şəxslə munasibətinin ola biləcəyini düşünüb.
Bu şübhəsinin doğru olub-olmadığını araşdırmaq üçün anasını izləyib. Həmin gün o, anasının “20 Yanvar” metrostansiyasının yaxınlığında avtobusdan düşərək, tanımadığı “Mercedes-Benz” markalı avtomobilin qabaq oturacağına əyləşdiyini görüb. Sənan şübhələrində haqlı olduğunu düşünüb və anasının öldürmək qərarına gəlib. İttihamda göstərilir ki, Sənan anasını izlədikdən sonra evə qayıdıb. Mətbəxdən məişətdə istifadə edilən və soyuq silah sayılmayan bıçağı götürərək gödəkcəsinin döş cibinə qoyub. Yaşadıqları binanın yanında anasının evə qayıtmasını gözləyib. O, anasının binanın dəhlizində görən kimi ona yaxınlaşaraq, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Zərbələr Kəmalə Zalovanın boyun, çiyin, burun, döş qəfəsi, qarın boşluğu, bel və digər nahiyələrinə dəyib. Sənan anasının qışqırdığını gördükədən sonra bıçağı yerə atıb və oradan qaçıb.
İstintaq orqanı belə qənaətə gəlib ki, Sənan anasını öldürmək istəyib, lakin zərərçəkmişə vaxtında ixtisaslaşmış tibbi yardım göstərildiyindən və iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini tam başa çatdıra bilməyib.
Buna görə də Sənan Şahkərimova qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Bu cəzadan narazı qalan S.Şahkərimov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb.
Sənanın müdafiəçisi apellyasiya şikayətini əsaslandırarkən deyib ki, müdafiə etdiyi şəxsin əməli düzgün tövsüf olunmayıb. Vəkil deyib ki, müdafiə etdiyi şəxs hadisəni zərərçəkmiş şəxsin hərəkətlərinin nəticəsində törədib. Müdafiəçi Sənanın əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunmasını və ona həmin maddənin sanksiyası həddində daha yüngül cəza təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş edib.
“Sənanın anasını öldürmək niyyəti olmayıb. Qısqanclıq zəminində anasından qisas almaq məqsədi ilə ona ağır xəsarətlər yetirib. Cinayət hadisəsi zamanı Sənan Şəhkərimovun hərəkətlərinin qarşısını alan olmayıb. Yəni, istəsəydi, öldürə də bilərdi. Onun əməlində qəsdən adam öldürməyə cəhd cinayətinin tərkibi yoxdur”- deyə vəkil bildirib.
Sənan Şahkərimov məhkəməyə ifadəsində ittihamda göstərildiyi kimi danışıb. O, anasının telefonuna pul köçürüldüyünü görəndə bu haqda anasından soruşub. Amma anası ona əhəmiyyət verməyib və heç bir söz deməyib.
“Həmin gün anamın “20 Yanvar” metrostansiyasının yaxınlığında ağ rəngli avtomobilə əyləşdiyini gördüm. Bu, mənə çox pis təsir etdi. Gecə evə qayıtdım. Binanın yanında gözlədim. Ona yaxınlaşıb “Ana, ayaqqabılarını haradan almısan?” dedim. Sonra da bıçağı çıxarıb onu vurdum. Anam qışqıranda özümə gəldim. Bıçağı yerə atanda anam əli ilə getməyimi işarə elədi.
Anamın xəstəxanaya getdiyini düşünüb oradan getdim. İki gün sonra polis idarəsinə gedib təslim oldum. Anamı qısqandığım üçün heç bir şeyi araşdırmadan onu vurdum. Lakin anamı öldürmək fikrim olmayıb. Əməlimdən peşmanam”- deyə Sənan Şhakərimov qeyd edib.
Zərərçəkmiş Kəmalə Zalova oğlunu bağışladığını, hadisənin anlaşılmazıqdan baş verdiyini deyib: “Sənan məndən konturun kim tərəfindən göndərildiyini soruşanda yorğun olduğum üçün ona cavab vermədim. Bu hadisənin baş verməsinə səbəbkar oldum”.
Ancaq məhkəmə kollegiyası hesab edib ki, zərərçəkmiş Kəmalə Zalovanın məhkəmədəki ifadələri məhkumun müdafiəsinə yönəlməklə onun məsuliyyətdən əsassız
olaraq azad edilməsi məqsədi daşıyır.
Məhkəmə belə qənaətə gəlib ki, hökmdə Sənan Şahkərimovun qisas almaq məqsədi ilə anası Kəmalə Zalovanı öldürməyə cəhd etməsi halları ətraflı tədqiq və təhlil edilib.
Sumqayıt Apellyasiya Məhkəməsi Sənan Şahkərimov barəsindəki hökmü qüvvədə saxlayıb, apellyasiya şikayətini təmin etməyib.