Sivil cəmiyyətin və hüquqi dövlətin gücü onun yaşlılara, qadınlara və uşaqlara olan münasibətində, onlara göstərdiyi qayğıda üzə çıxır. Dövlət siyasətinin humanist mahiyyəti məhz ən həssas qrupların qorunması ilə ölçülür. Prezident cənab İlham Əliyevin 2025-ci il təşəbbüsü ilə elan edilən amnistiya aktı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Layihədə qadınların, 60 yaşına çatmış şəxslərin və cinayət törədərkən yetkinlik yaşına çatmayanların cəzadan azad edilməsi və ya cəzalarının azaldılması nəzərdə tutulur. Bu yanaşma, Azərbaycan dövlətinin mərhəmət və sosial ədalət prinsiplərinə sadiqliyini bir daha təsdiq edir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının rifahını və mənəvi bütövlüyünü hər şeydən üstün tuturdu. O, hər zaman qeyd edirdi ki, Azərbaycan ailəsi dövlətin təməlidir. Ulu Öndərin rəhbərliyi ilə formalaşan hüquqi təməl üzərində qadınların və yaşlıların hüquqlarının qorunması prioritet elan edilmişdir. Heydər Əliyevin 1995-ci ildən bəri imzaladığı amnistiya və əfv sərəncamlarında ailə institutunun qorunması məqsədilə qadınlara və yaşlı məhkumlara xüsusi yanaşma tətbiq olunmuşdur. Onun bu humanist yolu cəmiyyətdə sülh mühitinin yaradılmasına və insanların dövlətə olan inamının artmasına xidmət etmişdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın amnistiya sahəsindəki fəaliyyəti məhz qadınların, uşaqların və fiziki məhdudiyyəti olan şəxslərin hüquqlarının müdafiəsinə fokuslanmışdır. Mehriban xanım Milli Məclisin deputatı olduğu illərdə özünün dərin humanitar baxışları ilə 4 amnistiya aktının (2007, 2009, 2013, 2016) qəbul edilməsində həlledici rol oynamışdır. Onun təşəbbüsləri nəticəsində minlərlə ana övladına, minlərlə gənc isə islah olunaraq normal həyata qaytarılmışdır. Mehriban xanımın “Mərhəmət” fəlsəfəsi, dövlət siyasətinin şəfqət və xeyirxahlıq üzərində qurulduğunu bütün dünyaya nümayiş etdirir.
Cənab Prezidentin yeni təşəbbüsü çərçivəsində 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və qadınların cəzadan azad edilməsi prosesi geniş miqyas alacaqdır. Proqnozlara əsasən, bu kateqoriyadan olan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad edilməsi, minlərlə şəxsin isə digər növ cəzalardan kənarlaşdırılması gözlənilir. Bu, Azərbaycan tarixində ən böyük humanizm aktı kimi qiymətləndirilir. Dövlət başçısı bununla göstərir ki, məqsəd yalnız cəzalandırmaq deyil, həm də ailə birliyini bərpa etmək və cəmiyyətin mənəvi sağlamlığını qorumaqdır.
Prezident cənab İlham Əliyevin bu addımı Azərbaycanın demokratik və humanist dəyərlərə sadiqliyini bir daha təsdiq edir. Ulu Öndərin təməlini qoyduğu, Mehriban xanımın nəcibliyi ilə bəzədiyi bu yol, Azərbaycanı dünyanın ən vətəndaşyönümlü ölkələrindən birinə çevirmişdir. 2025-ci il amnistiya aktı, hər bir vətəndaş üçün dövlətin isti nəfəsi və mərhəmətidir.
Qasım Qasımov
Suraxanı rayonu C.Rəhimov adına146 №li tam orta məktəbin direktoru
