Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin əks‑sədası” adlı konsert proqramı Kral Musiqi Kollecinin “Amaryllis Fleming” konsert zalında təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası, Britaniya Azərbaycan Cəmiyyəti və Aqşin Kərimovun təşkilatçılığı ilə baş tutub.
Konsert barədə məlumatı Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi yayıb. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, diaspor nümayəndələri, incəsənət xadimləri və Londonda yaşayan həmvətənlər iştirak ediblər. Həmçinin Türkiyənin Britaniyadakı səfirliyinin yüksək vəzifəli diplomatları tədbirdə iştirak ediblər.
Səfir Elin Süleymanov çıxışında 8 Noyabr – Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib və bu tarixin xalq üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, həmçinin 9 Noyabr – Dövlət Bayrağı Gününün əhəmiyyətinə toxunaraq şəhidlərin xatirəsinin yaşadılmasının vacibliyini vurğulayıb.
Britaniyadakı Türkiyə səfirliyinin birinci müşaviri Əlvan Hacıəfəndioğlu da çıxış edərək Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik edib və iki ölkə arasındakı əlaqələrdən, regionda sülh və stabilliyin vacibliyindən danışıb.
Tədbir bədii proqramla davam edib. Səadət Fərziyevanın rəhbərlik etdiyi “Qarabağ” məktəbi və “Acapella” akademiyasının tələbələri müxtəlif musiqi əsərləri ifa ediblər. Konsertdə Vüsalə Babayeva, Emin Eminzadə, Rasim Fərziyev və Rafiq Rüstəmov çıxış edərək musiqi nümunələri təqdim ediblər; həmçinin tamaşaçılar bəzi mahnılara birgə qoşulublar.
Mənbə: az.trend.az

