Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Erməni işğalından əvvəl rayonda yaşı 400–500 olan, 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.
23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
27 il ərzində Cəbrayıllılar öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İlk növbədə 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Cocuq Mərcanlı kəndi yenidən bərpa edildi, burada yaşayış və iş üçün hər cür şərait yaradıldı, insanlar öz doğma kəndlərinə qayıtmağa başladılar.
2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Cəbrayıl tarixi, dini və mədəni abidələr, milli-memarlıq nümunələri ilə zəngin rayonlarımızdan biridir. Təəssüf ki, erməni işğalından Cəbrayılın azad olunmasına qədərki dövrdə erməni vəhşiliyi bu abidələrdə, memarlıq nümunələrində, ziyarətgahlarda öz vandalizmini göstərmişdi. Cəbrayıl rayonunda erməni vandalları tərəfindən məhv edilmiş tarixi, maddi-mədəniyyət abidələri çoxdur. Onlar düşmənlər tərəfindən dağıdılsa da, xalqımızın mənəvi sərvətləri sırasındadır : 11 tağlı Xudafərin körpüsü (XI – XII), 15 tağlı Xudafərin körpüsü ( XIII), Niftalı kurqanları ( Tunc dövrü), Canqulu kurqanı ( Tunc dövrü), Şıxlar mağarası ( Daş dövrü), Qaladağ qalaçası ( İlk orta əsrlər) və s.
Böyük Qayıdışımız Cəbrayıldan başlayıb. Bu gün Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində işğalçi Ermənistan üzərində qazandığı şanlı qələbəmizin sevincini yaşayırıq. Bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır.
Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, maddi-mədəniyyət, dini abidələrimiz kimi Cəbrayıl rayonunun ərazisində olan abidələr də bərpa olunur.
Bu sevinci bizə yaşadan Ali Baş Komandan Cənab İlham Əliyevə və Rəşadətli Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin.
Ellada İbadova
Suraxanı rayonu, 285 saylı tam orta məktəbin tarix müəllimi