Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev mayın 29-da növbəti dəfə Milli Məclisdə qəbul keçirib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda şəhid ailələri, qazilər, habelə müraciət edən digər vətəndaşlar iştirak edib. Ümumilikdə 36 vətəndaşla görüşən Milli Məclis sədrinin müavini qaldırılmış sosial, təhsil, mənzil şəraitinin yaxşılaşdırılması kimi müraciətlərin bir qismini yerindəcə həll edib.
Bakı şəhəri ilə yanaşı, ayrı-ayrı rayon və şəhərlərdən qəbula gələn vətəndaşların bəzi müraciətləri araşdırılıb, göstərilən məsələlərlə bağlı sorğu məktubları hazırlanıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib. Qaldırılan məsələlərə dair vətəndaşlara qanunvericiliyin tələbləri barədə ətraflı məlumat və izahat verilib.
Adil Əliyev diqqətə çatdırıb ki, dövlət başçısının vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və məsələlərin qısa müddətdə həll olunması barədə verdiyi tapşırıq və tövsiyələrə əsasən, onun ünvanına daxil olan bütün müraciətlər hərtərəfli öyrənilir və orada qeyd olunan məsələlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq lazımi addımlar atılır.