Bu gün dünyada söz sahiblərindən birinə çevrilən ölkəmiz həm də təşkil etdiyi beynəlxalq tədbirlərin möhtəşəmliyi ilə diqqət çəkir. İstər tədbirlərin təşkili istərsə də beynəlxalq tədbirlərdə iştirak baxımından olduqca mühüm məsələlərlə yadda qalır. Məhz sadalanan belə tədbirlərdən növbətisi gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un ölkəmizdə keçirilməsidir.
Xüsusilə son illərdə Beynəlxalq təşkilatlarda olduqca aktiv iştirak edən və dünyada beynəlxalq təşəbbüslərin lideri olaraq tanınan Azərbaycanın belə bir tədbirə evsahibliyi etməsi həm də ölkəmizin artan nüfuzunun göstəricisidir. Pandemiya dövründə peyvəndin bərabər bölünməsi və kasıb ölkələrin peyvəndə əlçatanlığının təmini barədə ölkəmizin çağırışları ilə əlaqədar BMT-nin xüsusi sessiyasının çağırılması, peyvənd milliyətçiliyinə son qoyulması və kasıb ölkələrin peyvəndə əlçatanlığının təmin olunması məsələsinə diqqət çəkilməsində Azərbaycanın oynadığı rol olduqca mühümdür.
Qoşulmama Hərəkatı kimi 120-dən artıq ölkəni özündə birləşdirən bir təşkilata ölkəmizin uğurla rəhbərlik etməsi, məhz təşkilata üzv dövlətlərin birgə qərarı ilə Azərbaycanın sədrliyinin 1 il daha uzadılması ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzu dünyaya göstərir. Məhz Azərbaycan Qoşulmama Hərəkatına uğurla rəhbərlik etdiyi bu 4 il Hərəkatın işinə verdiyi xüsusi töhfə ilə yadda qalır. Dövlət başçısının təşəbbüsü ilə Hərəkatın Parlamentlər Şəbəkəsinin yaradılması isə Hərəkata üzv dövlətlərin qanunverici hakimiyyətini öz çətiri altında birləşdirir.
Gələn il 29-cusu ölkəmizdə keçiriləcək “COP29”-un Azərbaycanda keçirilməsi Təşkilata üzv olan ölkələr namizədliyimizi dəstəkləmiş və yekdil qərar əsasında Konfransın Azərbaycanda keçirilməsi mümkün olub. Konfransın keçirilməsi üçün Azərbaycanın namizədliyinin dəstəklənməsi həm də ölkəmizin dünyadakı artan nüfuzunun əyani təzahürüdür.
3 il bundan əvvəl Azərbaycanın tarixi torpaqlarını düşmən işğaldan azad etməklə, 3 ay əvvəl isə ərazi bütövlüyünü tam bərpa və suverenliyini bərqərar etməklə ölkəmizin qüdrəti dünyanın diqqətini çəkmişdir. Bu gün isə belə bir tədbirə ölkəmizin evsahibliyi etməsi həm də Azərbaycanın qazandığı qələbəsini beynəlxalq aləm tərəfindən bir daha tanınır. Xüsusilə bir məqamı xatırlamaq yerinə düşər ki, Azərbaycanın COP-29-a namizədliyi irəli sürülərkən Ermənistan ölkəmizin namizədliyi ilə barışmış, etiraz etməmişdir.
Ermənistan bütün sahələrdə Azərbaycanın qələbəsi ilə barışması, regionda sülh müzakirələrinin gündəmdə olması təbii ki, bəzi Qərb dairələrini narahat etməyə davam edir. Belə ki, məhz Fransa hər vəchlə sülhə əngəl olmağa, əsassız bəyanatlarla sülh prosesinin qarşısındadır.
Bu gün Ermənistanla ölkəmiz arasında sülh danışığına yaxın olsaq da Fransa kimi dövlətlərin əsas mövqeyi sülh müqaviləsinin imzalanmamasıdır. Təbii ki, ölkənin əsas mahiyyəti Ermənistanın müqaviləni imzalaması deyil, onlar üçün nə Ermənistan nə də erməni xalqı maraqlıdır. Onların qısqanclıqla yanaşdıqları amil Azərbaycanın liderliyini qəbul etməmək, özlərinə hər zaman Cənubi Qafqazda ehtiyacın olmasını hiss etdirməkdir. Təbii ki, qərəzli mövqelərini beynəlxalq ictimaiyyət görür və baş verənlər hər kəsdə təəssüf hissi doğurur.
Məhz belə bir məqamda dünya ictimaiyyətinin yekdil qərarı ilə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının rəsmi Bakıya təyin olunması beynəlxalq ictimaiyyətin ölkəmizə verdiyi ən böyük dəstəkdir, ölkəmizlə həmrəyliyin əyani nümayişdir.
Ölkəmizin beynəlxalq tədbirlərə evsahibliyi etməsində böyük təcrübəsi var. Daha əvvəl evsahibliyi etdiyi Beynəlxalq Astronavtika Konqresi, Qoşulmama Hərəkatının iclası, Humanitar Forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər tədbirlər bu sahədə bizə beynəlxalq təcrübəni qazandırıb. Gələn il növbəti dəfə dövlətimiz dünyanın diqqətində olacaq, COP29-u yüksək səviyyədə təşkili həm də Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirəcək.
1995-ci ildə ilki Berlin şəhərində keçirilən konfransın 29-cusu Bakı şəhərində keçirilməsi və nəticədə Azərbaycanın bu mötəbər tədbirə evsahibliyi etməsi mövqeyimizin daha da gücləndirilməsinə xidmət edəcək. Eləcə də, bu gün ölkəmizin gündəliyində olan “Yaşıl enerji” siyasətinin dünyaya nümayiş etdirilməsində bu Konfrans olduqca mühümdür.
Milli Məclis sədrinin müavini,
Gənclər və idman komitəsinin sədri Adil Əliyev