Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıq məsələlərinə dair video konfrans formatında müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əziziov əvvəlcə 2 gün öncə Bakıya yağan yağışla bağlı yaranan problemlərə toxunub. Bununla əlaqədar bəzi rayonların İcra Hakimiyyəti başçıları və bəzi xidmət sahələrinin rəhbərləri yol verilən nöqsanlara görə ciddi xəbərdar edilib.
Qeyd edilib ki, baxmayaraq ki, Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr, körpü və yollar “Azərsu” ASC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədir:
“Lakin bu İcra Hakimiyyətləri və kommunal xidmətlərinin üzərindən cavabdehliyi götürmür. İcra başçıları “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verməklə özlərini kənarlaşdırmamalı, rayonlarda zəif yerləri müəyyən edərək, koordinator kimi çıxış etməli və həmin qurumlarla birgə mövcud problemləri aradan qaldırmalıdırlar”.
Müşavirədə paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.
Həmçinin qeyd edilib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihənin icrası uğurla həyata keçirilir. Bu layihə çərçivəsində ölkə başçısının qərarı ilə Bakı şəhərinin kommunal xidmət strukturları lazımı xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunur və bu istiqamətdə aparılan işlər davam edir. Ən əsası bu texnika və avadanlıqlardan səmərəli istifadə etmək lazımdır.