Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda Agentliyə işə qəbul məsələlərinə baxılıb, Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının tövsiyələri dinlənilib.
Müzakirələr əsasında Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Prezidentin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə ölkə başçısının Fərmanına uyğun olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının işçilərinin qurumda uyğun vəzifələrə təyin olunmaları ilə bağlı məsələyə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Daha sonra Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılıb.
Müşahidə Şurası üzvlərinin təklifi ilə 20 sentyabr 2021-ci il tarixdə “zoom” proqramı vasitəsilə 500-dək qeyri-hökumət təşkilatının iştirakı ilə kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirə edilməsi və onlardan təkliflərin toplanması qərara alınıb.