“2021- ci il agentlik qarşısında ciddi çağırışlar qoyuldu. Bilirsiniz ki, 2015-ci ildə əlillik təyinatı 5 il müddətinə müayinə aparılmadan uzadılıb. 5 ilin bitməsi 2021-ci ilə təsadüf edir. Bu da 193 min adamın əlillik müddətinin bu il bitməsi deməkdir. Bu da iş yükünün 3 dəfə artmasıdır”.
RUBİN.AZ xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfrasında deyib.
O bildirib ki, vətəndaşlar əlillik almaq üçün ilk növbədə tibb müəssisələrinə müraciət etməlidir: “Agentlik tərəfindən əlilliyin qiymətləndirilməsi vətəndaş və məmur təması olmadan həyata keçirilir. Həmin şəxslər sistemdə adsızlaşdırılır. Bizim gördüyümüz yeganə məlumatlar səhiyyə məlumatlardır. 8 ayda 35 minə yaxın şəxsə əlillik təyin edilib. Qiymətləndirmənin obyektivliyi “Forma-88”də əks olunmuş məlumatlardan asılıdır. Məlumatlar düzgün doldurulmadığı halda əlilliyin qiymətləndirilməsində yanlışlıqlar ola bilər.
Göndərişdəki məlumatlar düzgün olmadığı halda onlar əyani komissiyalara müraciət edə bilər. Bu proses şəffaf və videoçəkiliş vasitəsilə həyata keçirilir. 3 ildə 17 minə yaxın saxta əlillik ləğv edilib. Eyni zamanda İcbari Tibbi Sığorta Agentliyi ilə birgə bəzi xəstəxanalarda yoxlamalar aparılır. Ötən ilin noyabrında 15 TSEK sədri işdən azad edilib. Məqsəd ondan ibarətdir ki, haqqı olan vətəndaş bunu əldə edə bilsin.
Vətəndaşlara müraciət etmək istəyirəm ki, vasitəçilərə inanıb heç bir tədbir görməsinlər. Dəllalların bu prosesə müdaxilə etmək imkanı minumumdur. Vətəndaşlar vasitəçilər olduğu halda hüquq-mühafizə orqanlarına müraciət etsinlər”.//“Qafqazinfo”