RUBİN.AZ xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair Salam Sarvanla Mədəniyyət komitəsində görüşüb, onu 55 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli Salam müəllim,
Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz ölkənin tanınmış media orqanlarında baş redaktor, redaktor olaraq çalışmısız; hazırda Dövlət Tərcümə Mərkəzinin əməkdaşısız. Bir çox xarici şair və yazıçının əsərlərini doğma dilimizə siz çevirmisiz.
Şeir toplunuz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb. Siz 23 il bundan öncə, istedadlı gənc yazıçılara Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ilk Sərəncamla bu təqaüdü aimış gənc yazıçılardan biri olmusuz.
Sizin şeirlər ingilis, rus, ukrayna, habelə qardaş xalqların dilinə çevrilib. Azərbaycanca çıxan kitablarınızdan başqa, 2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə ukraynca da şeir kitabınız ((“І потонути неможливо, неглибокий цей світ”… – “Boğulmaq da olmur, dayazdı dünya”) nəşr olunub.
Sizi bütün yaradıcılıq uğurlarınız və 55 illik əlamətdar yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Q.Paşayeva Mədəniyyət Komitəsi adından yubilyara təbrik məktubu və xatirə hədiyyəsi təqdim edib.
Yubilyar səmimi görüş, diqqət və xoş sözlərə görə Komitə sədrinə təşəkkür edib.