Xəbər verdiyimiz kimi, bu gün Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçev Norilskdə təlimdə olarkən bədbəxt hadisə nəticəsində həlak olub.
Axar.az xəbər verir ki, Ziniçev 18 avqust 1966-cı ildə Sankt-Peterburq şəhərində anadan olub. O, Sankt-Peterburqda Biznes və Hüquq İnstitutunun İqtisadiyyat, maliyyə və kredit fakültələrində təhsil alıb. 1984-1986-cı ildə Rusiyanın Şimal Donanmasında xidmət edib. 1987-ci ildən etibarən SSRİ dövlət təhlükəsizlik orqanlarında xidmətini davam etdirən Ziniçev 1991-ci ildən KQB-də müxtəlif vəzifələrdə çalışıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, o, həm də Prezident Vladimir Putinin təhlükəsizlik xidmətində məsul vəzifədə çalışıb.
2014-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisinin terrorizmlə mübarizə üzrə müavini vəzifəsinə təyin edilən Yevgeni Ziniçev 2015-ci ilin iyunundan 2016-cı ilin iyul ayınadək FTX-nın Kalininqrad bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini də icra edib. O, Rusiya Prezidentinin 28 iyul 2016-cı il fərmanı ilə Kalininqrad vilayətinin qubernatoru təyin edilib, həmin ilin oktyabrından 2018-ci ilin mayınadək FTX-nın direktor vəzifəsini yerinə yetirib. 18 may 2018-ci ildə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə nazir vəzifəsinə təyin olunub. 28 may 2018-ci ildən Rusiya Federal Təhlükəsizlik Şurasının üzvü olub.
O, 2018-ci ildə general-polkovnik, daha sonra isə ordu generalı ali hərbi rütbəsini almışdı.
Ailəli idi, bir oğlu və üç nəvəsi var.