
Bakı. Trend:
Lüksemburqda keçirilən ənənəvi “Lüksemburq Beynəlxalq Bazarı”nda
Azərbaycan stendi böyük maraqla qarşılanıb. Azərbaycan stendi bu il
də ölkəmizin mədəniyyətini, ənənələrini və müasir inkişafını təbliğ
edib.
Trend xəbər
verir ki, stend Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin və Azərbaycan Respublikasının Belçika Krallığında və
Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin dəstəyi, “LuxAz”
Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasının təşkilatçılığı ilə
qurulub.
Onun hazırlanmasına bir sıra özəl şirkətlər də xüsusi dəstək
göstəriblər.
Bu il 63 ölkənin ekspozisiyasının yer aldığı Beynəlxalq Bazarı
40 minə yaxın ziyarətçi izləyib.
Lüksemburqun Xarici İşlər naziri Xavier Bettel Azərbaycan
stendinə baş çəkərək, təqdim edilən məhsullar, mədəni nümunələrlə
tanış olub. Ona ölkəmizin tarixi, zəngin mədəni irsi, eləcə də
Azərbaycan diasporunun fəaliyyəti barədə ətraflı məlumat
verilib.
Azərbaycan stendinin rəhbəri Seymur Əhmədov ilk dəfə olaraq
Beynəlxalq Bazarın Təşkilat Komitəsinin İdarə Heyətinə üzv seçilib.
Bu seçim Azərbaycan təmsilçiliyinin təşkilati səviyyədə daha da
güclənməsinə şərait yaradıb.
Qeyd edək ki, Azərbaycan artıq 15 ildir ki, bu nüfuzlu xeyriyyə
yarmarkasında ardıcıl şəkildə təmsil olunur. Bu isə ölkəmizin
tanıdılmasına və diaspora fəaliyyətinə öz töhfələrini verir.
