
Bakı. Trend:
Almaniyadakı diasporumuzun fəal üzvlərindən olan Elxan Riçard
Sadıxzadə elm sahəsində uzunmüddətli fəaliyyətinə görə dünyanın ən
nüfuzlu alimlərinin reytinq cədvəlinə (Career-Long Impact) daxil
edilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən
məlumat verilib.
Bildirilib ki, azərbaycanlı alim, həmçinin 2022-ci ildən ABŞ-nin
Stenford Universiteti və dünyanın ən böyük elmi ədəbiyyat
nəşriyyatlarından olan “Elsevier”in hazırladığı “Top 2% Scientists”
siyahısında yer alıb. Onun elmi fəaliyyəti ardıcıl dördüncü ildir
ki, “Single Year Impact” kateqoriyasında “Yeni texnologiyaların
tətbiqinin iqtisadiyyatı” sahəsi üzrə yüksək qiymətləndirilir.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü,
Kölndə keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin
Forumunun Təşkilat Komitəsinin sədri Elxan Riçard Sadıxzadə hazırda
Almaniya Federativ Respublikasının, Koreya Respublikasının, Cənubi
Afrika Respublikasının və İtaliya Respublikasının
universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
O, 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində
(UNEC) fəaliyyət göstərən Avropa İqtisadiyyatı Mərkəzinin təsisçisi
və rəhbəridir. Çoxsaylı elmi layihələrin, yeni iqtisadi
nəzəriyyələrin müəllifi, eləcə də müxtəlif qrant müsabiqələrinin
qalibidir.
